ABŞ-nin Texas ştatında futbol oyunu əvvəli keçirilən nümayiş faciə ilə nəticələnib. Stadionun tavanından kəndirlə enməyə çalışan hərbçi təxminən 52 metr hündürlükdən yıxılaraq həyatını itirib. Hadisə minlərlə tamaşaçının gözü qarşısında baş verib.
XeberPlus.com xəbər verir ki, hadisə San-Antonio şəhərində yerləşən Alamodome stadionunda, Texas Universitetinin San-Antonio komandası ilə Hərbi Dəniz Qüvvələrinin komandası arasında keçirilən oyun öncəsi yaşanıb. Nümayiş zamanı dörd hərbçi kəndirlərlə stadionun tavanından meydana enməyə başlayıb.
Lakin eniş zamanı ABŞ Hərbi Hava Qüvvələrinin texniki çavuşu Ian Patterson idarəetməni itirərək yerə düşüb. Hadisə baş verən zaman stadionda 23 mindən çox tamaşaçının olduğu bildirilir.
Ağır yaralanan hərbçiyə meydanda təxminən 10 dəqiqə tibbi yardım göstərilib.
Hadisədən sonra ABŞ Hərbi Hava Qüvvələri və stadion rəhbərliyi başsağlığı verib. Hərbçinin ölümünə səbəb olan halların müəyyənləşdirilməsi üçün araşdırma başladılıb. Hadisənin şahidi olan tələbə və əməkdaşlara psixoloji dəstək göstəriləcəyi də bildirilib.








