Məktəbdə şagirdin aldığı qiymət onun uğurunu müəyyən edən əsas göstəricilərdən biri hesab olunur. Yüksək qiymətlər adətən yaxşı oxumaq, mövzuları mənimsəmək və dərslərdə fəal olmaqla əlaqələndirilir. Lakin təhsil prosesində yalnız rəqəmlərə əsaslanmaq şagirdin real bilik və bacarıqlarını tam görməyə imkan verməyə bilər. Çünki bir şagird imtahan və yoxlama zamanı yüksək nəticə göstərsə də, öyrəndiyi məlumatı gündəlik həyatda tətbiq etməkdə, sərbəst düşünməkdə və yeni situasiyalarda düzgün qərar verməkdə çətinlik çəkə bilər. Bu baxımdan məktəbdə yüksək qiymətin nə dərəcədə real biliyi əks etdirdiyi, qiymətləndirmənin şagirdin bacarıqlarını nə qədər ölçə bildiyi məsələsi diqqət çəkir.
Bəs, məktəbdə yüksək qiymət alan şagird həqiqətən yüksək biliyə sahibdir, yoxsa qiymət hər zaman real bilik və bacarığın göstəricisi deyil?
Mövzu ilə bağlı təhsil eksperti İlkin Məmmədkərimov XeberPlus.com-a açıqlamasında bildirib ki, şagirdin yüksək qiymət alması onun real bacarıqlarını əks etdirmir:

“Məktəbdə yüksək qiymət almaq şagirdin yüksək biliyə sahib olduğunu müəyyən qədər göstərir, amma bunu hər zaman tam və obyektiv göstərici kimi qəbul etmək olmaz. Çünki qiymətləndirmə yalnız şagirdin nə qədər məlumatı yadda saxladığını deyil, onun həmin biliyi necə tətbiq etdiyini, məntiqi düşünmə, problem həll etmə və digər bacarıqlarını da nəzərə almalıdır. OECD də şagird qiymətləndirməsinin əsas məqsədini onun nə bildiyini və nəyi bacardığını müəyyənləşdirmək kimi izah edir”.
Mütəxəssis təkcə qiymətə üstünlük verməyin müəyyən bacarıqları arxa plana keçirdiyini vurğulayıb :
“Bəzən şagird müəyyən mövzuları yaxşı əzbərləyə və yazılı yoxlamalarda yüksək nəticə göstərə bilər, lakin həmin biliyi praktik vəziyyətdə tətbiq etməkdə çətinlik çəkə bilər. Eyni zamanda, yalnız rəqəmsal qiymətə fokuslanmaq şagirdin tənqidi düşünmə, yaradıcılıq və problem həll etmə kimi bacarıqlarının arxa planda qalmasına səbəb ola bilər. OECD-nin müxtəlif təhsil sistemləri üzrə araşdırmalarında da qiymətlərə həddindən artıq diqqətin daha dərin öyrənmənin müəyyən edilməsini məhdudlaşdıra biləcəyi qeyd olunur”.
Həmsöhbətimiz şagirdlərin real səviyyəsini müəyyən etmək üçün müxtəlif qiymətləndirmə üsullarından istifadə edilməli olduğunu qeyd edib:
“Əslində yüksək qiymət şagirdin müəyyən mövzunu mənimsədiyinə dair siqnaldır, amma onun bütün bilik və bacarıqlarını əks etdirməyə bilər. Şagirdin real səviyyəsini müəyyən etmək üçün yazılı və şifahi cavablarla yanaşı, praktiki tapşırıqlar, layihələr, problem həlli və müstəqil düşünmə qabiliyyəti də qiymətləndirilməlidir”.







