Uşaqlıq illərində eşidilən sözlər və böyüklərin davranışlara verdiyi reaksiyalar uşağın dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Xüsusilə qız uşaqlarına “qız uşağı belə davranmaz”, “qız sakit və təmkinli olmalıdır”, “bu hərəkət qıza yaraşmaz” kimi ifadələrin tez-tez deyilməsi onların davranışlarını müəyyən qəliblərə salır. Uşaq zamanla hansı davranışın “qıza yaraşdığını”, hansının isə qəbul edilmədiyini öyrənərək özünü də həmin gözləntilərə uyğun aparmağa başlayır. Bu yanaşma yalnız uşaqlıq dövründəki davranışlara deyil, gələcəkdə özünüifadə, seçimlər və insanlarla münasibətlərə də təsir göstərə bilir. Müasir dövrdə valideynlərin və cəmiyyətin uşaqların fərdi xüsusiyyətlərini nəzərə alması, onları cinsiyyətə görə müəyyən davranış çərçivələrinə salmaması xüsusilə vacib məsələlərdən biri hesab olunur.
Bəs “Qız uşağı belə davranmaz” kimi sözlər uşağın gələcək davranışlarına necə təsir edir?
Mövzu ilə bağlı psixoloq Günay Kərimi XeberPlus.com-a açıqlamasında bildirib ki, uşaqlara qoyulan qadağlar onun psixoloji inkişafına uyğun olmalıdır:

“Uşağı dünyaya gələn ailələr övlada baxacaq psixoloji durumda olmalıdırlar. Burada yaş faktorunun fərqi yoxdur. İstər qız, istərsə də oğlan uşaqlarında qoyulan qadağalar onların yaş dövrlərinə uyğun olmalıdır. Hər bir valideyn uşağının yaş dövrünü bilməlidir ki, onunla hansı yaşda necə davranmaq lazım olduğunu bilsin. Qız uşaqlarına qoyulan qadağalar onların necə və hansı səbəbdən tətbiq edilməsindən asılı olaraq fərqli təsir göstərə bilər. Məsələn, daimi onu nəzarətdə saxlamaq, başqa uşaqlarla müqayisə etmək, alçaltmaq uşaqda özünəinamı azaldır, onların qərar verməsində, hansısa problemi həll etmə bacarığının formalaşmasında çox böyük çətinliklər yaradır. Uşağa sakit və məntiqli formada təhlükəni yaxud davranışlarını izah etmək lazımdır”.
Ekspert qeyd edib ki, yeniyetməlik dövründə uşaqlar həssas olduğları üçün valideynlər sərt davranışlardan qaçınmalıdırlar:
“Yeniyetməlik dövründə uşağa sərt qadağalar qoymaq doğru deyil. Bu uşaqda əks reaksiya yarada bilər. Bu zaman uşaqlar valideynin qoyduğu qadağalara daha çox meyil etməyə başlayırlar. Buna görə də valideynlərlə böyük problemlər yaşayırlar və yola getmirlər. Yəni, həddindən artıq izahsız qadağaların qoyulması, uşaqda özünü çərçivələnmiş hiss etməyə səbəb olur. Bu hal uşaqlarda valideynlərindən bir çox məsələni gizlətməsinə səbəb olur. 14-18 yaş dövründə bütün qərarları uşağın əvəzinə vermək doğru deyil. Valideyn uşağa aqressiya yaxud qadağalarla deyil, ona başa salaraq yol göstərməlidir. Belə olmadıqda, uşaq doğru qərar verə, düzgün seçimlər edə bilmir”.
Mütəxəssis qız uşaqlarının sərhədlərini qorumalı olduqlarını vurğulayıb:
“Sərhədlərini qorumağı öyrənməyən qızlar, böyüdükdə həyat yoldaşları, dostları tərəfindən emosional və fiziki şiddətə məruz qala bilirlər. Nəticədə qarşı çıxmaqda çox çətinlik çəkirlər. Eləcə də uşaq yalan danışmağa meyillənir, hər şeyi gizlin etməyə çalışır, təhlükəli vəziyyət yarandığı zaman, ailədən kömək istəməkdən çəkirlər. Sərbəst böyüyən uşaqlar isə qərarlarına və bacarıqlarına güvən bilirlər. Uşaqlar, 15-17 yaşlarında düşünürlərsə, valideyn 35-40 yaşındakı təcrübə ilə danışır,. Valideyn uşağı üçün ən doğru olanı biləndir. Lakin,nəzərə almaq lazımdır ki, hər bir övlad individualdır, burada valideyn səbirli olmalıdır”.
Psixoloqun sözlərinə görə, uşağa verilən tərbiyə onun gələcək davranışlarının və seçimlərinin formalaşmasında mühüm rol oynayır:
“Uşaqlar nəzarətdə olmalıdır, ancaq azadlıqları alınmamalıdır. İcazəli və icazəsiz hallar uşağa doğru şəkildə izah edilməldir. Uşağın erkən yaşlarından düzgün tərbiyə alması gələcəkdə valideynlərinin ona aşıladığı doğru davranış və dəyərlər əsasında müstəqil və düzgün qərarlar qəbul etməsinə kömək edir. Belə olduqda valideynin güvənidə tam olur, yəni, tərbiyədə məqsəd qadağalarla uşağı nəzarətdə saxlamaq deyil, ona doğru ilə yanlışı seçməyi öyrətmək və özünə inamı fərd kimi yetişdirmək olmalıdır. Belə böyüyən uşaqlar gələcəkdə cəmiyyətdə doğru insanlar olurlar. Ona görə də uşaqları doğru şəkildə yetişdirmək lazımdır”.







