İnsan bəzən həyatında xüsusi yer tutan birini itirmək ehtimalını düşünərkən, hələ baş verməmiş hadisənin yükünü bu gündən daşımağa başlayır. Bu narahatlıq münasibətdə davranışlara təsir etdikcə sevgi ilə qorxu arasındakı sərhəd də bulanıqlaşır. Halbuki münasibətin sağlamlığı yalnız iki insanın bir-birinə bağlılığından deyil, hər birinin öz daxili tarazlığını qoruya bilməsindən asılıdır. İnsanın sevdiyi şəxslə münasibətini qoruyarkən öz rahatlığını, sərhədlərini və fərdiliyini də qoruması vacibdir.
Bəs, itirmək qorxusunu necə dəf etmək olar?
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva XeberPlus.com-a açıqlama verib. O, bildirib ki, münasibətlərin pozulmasında itirmək qorxusunun çoxluğu istənilən əlaqənin kəsilməsini sürətləndirir:
“İtirmək qorxusu insanın sevdiyi və dəyər verdiyi şəxsdən, əşyadan ayrılmaq ehtimalına verdiyi reaksiyadır. Burada problem qorxu deyil. Qorxuya qarşı necə reaksiya verməyəmiz və həyatımızı hansı dərəcədə idarə etməyimizdir. Bəzən insan qarşısındakını itirməkdən o dərəcədə qorxur ki, qorumaq adı altında hədsiz dərəcədə nəzarət etməyə, sərhədləməyə, qısqanmağa, daim təsdiq almağa və istəklərindən vaz keçməyə vadar olur. Nəticə olaraq, ən çox qorxduğu anı, yəni münasibətin pozulmasını sürətləndirir”.
Ekspert vurğulayıb ki, hiss edilən duyğunu anlamaq da vacibdir:
“Psixoloji baxımdan burada əsas məsələ “mən onu itirsəm nə olar?”-dan, “Bu halla qarşılaşsam öhdəsindən necə gələrəm?” sualına keçməkdir. Yəni, zehinsəl olaraq özünəinam, “Mən heç vaxt itirməyəcəyəm” demək deyil. Mütləq dərəcədə keçirdiyiniz duyğuya ad verməliyik. Nədən qorxduğumuzu müəyyən etməliyik”.
Mütəxəsiss qeyd edib ki, beyində başlayan şüuraltı düşüncələr insanı yora və içərisində olduğu bağların qopmasına şərait yarada bilər:
“İnsan qorxularını müəyyən etdikdən sonra, nəzarət edə bilmədiyi halı qəbul etməyə çalışmalıdır. Yəni, qarşı tərəfin sizi həmişə sevəcəyinə, münasibətini heç vaxt dəyişməyəcəyinə zəmanət yoxdur. Məsələn, dostlarımızı, işimiz, məqsədlərimiz, hobbilərimiz, münasibətlərimizdən asılı etməməliyik. Onları bərabər ortamda, düşüncə olaraq isə eyni yerdə qoymamalıyıq. Qorxularımızın münasibətlərimizə təsir etməsinə icazə verməməliyik. Mövcud əlaqələrə fokuslanmaq lazımdır. “Birdən gedər”, “Məni tərk edər” yerinə bunların yaratdığı sübutu olmayan reallıqlarla başa çıxmağa köklənməliyik”.
Nabat Mirzəyeva fikirlərini belə yekunlaşdırıb:
“İtirmək qorxusunun əksi heç kimi itirməmək deyil. Əsl azadlıq odur ki, insan sevdiyini itirməkdən qorxsa belə, özünü itirməyəcəyinə inanmasıdır. Bəzən insan itirməkdən qorxur nəticədə, özü də münasibətin içərisində itməyə başlayır. Sağlam münasibətin təməlində, ilk növbədə, sağlam düşüncə dayanır. İnsan özünü analiz etməyi, duyğularını və hisslərini tanıyıb onlara düzgün ad verməyi bacarmalıdır. Qarşısındakı insanı itirmək qorxusu və ya güclü emosiyalar bizi özümüzdən uzaqlaşdırmamalıdır. Əksinə, insan həmin hissləri dərk etməli və onların təsiri altında özünü, düşüncələrini və dəyərlərini itirməməlidir”.








