Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti donanmasını genişləndirmək məqsədilə ABŞ-ın “Boeing” şirkəti ilə böyük həcmli razılaşma imzalayıb.
Razılaşmaya əsasən, THY 100 ədəd Boeing 737-8 təyyarəsi sifariş edib, əlavə 50 ədəd Boeing 737 MAX üçün isə opsion hüququ əldə edib. Beləliklə, ümumi sifarişin həcmi 150 təyyarəyə qədər olacaq.
Yeni təyyarələrin 2033–2037-ci illər arasında THY-yə təhvil verilməsi planlaşdırılır. Şirkət bildirir ki, yeni təyyarələr xüsusilə qısa və orta məsafəli daxili və beynəlxalq uçuşlarda istifadə olunacaq.
Razılaşma THY-nin “Boeing”lə indiyədək imzaladığı ən böyük təkdəhlizli təyyarə sifarişi kimi qiymətləndirilir. Müqavilə şirkətə gələcəkdə 737 MAX ailəsinin ən böyük modeli olan 737-10 versiyasına keçmək imkanı da verir.
“Boeing 737-8” modelinin əvvəlki nəsil təyyarələrlə müqayisədə yanacaq sərfiyyatı və emissiyalarda təxminən 20 faiz azalma təmin etdiyi bildirilir. Hazırda THY və “AJet”in donanmasında müxtəlif modellər daxil olmaqla 200-dən çox “Boeing” təyyarəsi fəaliyyət göstərir.







