Tbilisidə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay 100 il: Tarixdən gələcəyə” adlı tədbir keçirilir.
XeberPlus.com“Report”-a istinadən xəbər verir ki, tədbir Azərbaycanda fəaliyyət göstərən Nəriman Nərimanovun Xatirə Muzeyinin təşəbbüsü və “Maarif” təşkilatının təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində təşkil olunub.
Tədbirdə Bakıdan dəvət olunmuş alim və tədqiqatçılar, həmçinin Gürcüstanda fəaliyyət göstərən ziyalılar iştirak edirlər.
Çıxışlarda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elm, dil və mədəniyyət tarixindəki rolu, qurultayda müzakirə olunan dil, ədəbiyyat, tarix, etnoqrafiya, mədəniyyət və əlifba məsələləri, eləcə də onun türkoloji elmin inkişafına təsiri barədə məlumat verilir.
Tədbirdə həmçinin qurultay iştirakçılarının elmi irsi və ötən 100 il ərzində türkoloji düşüncənin keçdiyi inkişaf yolu müzakirə olunur.
Tədbirdə Türkiyənin Gürcüstandakı səfirliyinin təhsil müşaviri Yüksəl Kara çıxış edib. O, çıxışında Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi və mədəni həyatındakı əhəmiyyətindən danışıb.
Tədbirin keçirilməsində məqsəd Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin xatırladılması ilə yanaşı, onun əsas ideyalarının ana dilinin qorunması, milli-mədəni irsə bağlılıq, elmi-mədəni əməkdaşlıq və türk xalqları arasında əlaqələrin inkişafının müasir dövrdə aktuallığını vurğulamaqdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.







