Sosial media digər sahələrə təsir etdiyi kimi, turizm sahəsinə də təsir göstərir. Artıq biznes nümayəndələri şirkətlərini tanıtmaq və daha geniş kütləyə çatmaq üçün sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər. TikTok, Instagram, YouTube kimi platformalar bu baxımdan əlverişli vasitələrə çevrilib.
Bəs sosial media Azərbaycanın turizm məkanlarının tanıdılmasında necə rol oynayır?
Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov XəbərPlus.com-a açıqlamasında bildirib ki, sosial media insanları bir növ səyahətə cəlb edir:
“Bu gün sosial media turizmi təşviq edən vasitələrdən biridir. Ümumdünya Turizm Təşkilatının hesabatlarında da bildirilir ki, sosial media insanları gəzdikləri, bəyəndikləri yerlərin şəkillərini paylaşmağa, digər insanları isə səyahətə təşviq edir. Bu mənada hər hansı bir ərazinin turizm destinasiyasının tanıdılmasında, getmək həvəsinin artırılmasında, ora ilə bağlı məlumatın paylaşılmasında sosial media çox təsirlidir”.
Mütəxəssis qeyd edib ki, yerli turizm infrastrukturları da sosial şəbəkələr vasitəsilə daha geniş kütləyə çata bilir:
“Buna təkcə qlobal mediadan yox, eyni zamanda Azərbaycan turizm istiqamətlərindən də misallar göstərmək olar. Məsələn, Şah dili istiqamətində bir neçə şəxsin paylaşımı ora gedən insanların sayını artırdı. Eyni zamanda, sitrus bağlarına, yaxud çiçək plantasiyalarına qarşı yaranan marağı da nümunə göstərmək olar”.
Həmsöhbətimiz vurğulayıb ki, şirkətlərin müştərilərə məhsul və xidmətlərini təqdim etməsi baxımından da rəqəmsal resurslar əhəmiyyətli rol oynayır:
“Bəzən turizm şirkətləri özlərini sosial şəbəkələrdə reklam edirlər. Bu mənada, təbii ki, sosial medianın təsiri çox ciddidir. Bir çox otel və restoranlar, müxtəlif ictimai iaşə müəssisələri sosial mediadan istifadə etməklə turistlərin marağını cəlb etmək istəyirlər. Məqsəd isə onlara məhsullarını və xidmətlərini satmaqdır”.







