XeberPlus

Ən son xəbərlər

Ölkə

“Şəhidlərimizin son sözləri heç vaxt yaddaşımdan silinməyəcək” – Qazi Vüqar Əmrayevlə MÜSAHİBƏ

27 Sentyabr Anım Günü Azərbaycan xalqının sarsılmaz iradəsini düyaya göstərən, böyük Zəfərə gedən gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətilə qələbə qazanıb, işğal tarixlərini Qələbə tarixi ilə əvəz etdik. 6 il əvvəl, Sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün sonra Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması ilə nəticələndi. Ölkəmizin Başçısının 2020-ci il 2 Dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – Sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Bu gün Vətən uğrunda canından keçən şəhidlərimizi yad edir, göstərdikləri qəhrəmanlığı bir daha xatırlayırıq. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, Vətən uğrunda göstərdikləri fədakarlığı ehtiramla anırıq.

XeberPlus.com-un bu günkü müsahibi döyüş yolu Füzuli,Xocavənd və Şuşadan keçən, qəhrəman qazimiz Vüqar Əmrayevdir.

–Xoş gördük sizi, qəhrəman qazimiz! Sizi kimi qəhrəmanı tanımaq bizlər üçün fəxrdir. Bizə bir az özünüz haqqında danışın.

-1988-ci ildə Astarada dünyaya gəlmişəm. 27 Sentyabrda ordu sırasına könüllü olaraq yazılmış Füzuli, Xocavən və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Xüsusi təyinatlı qoşunda xidmət etmişəm.

–27 sentyabr yaddaşınızda hansı anla qalıb?

-27 Sentyabr yaddaşımda həm sevincli, həm də kədərli gün olaraq qalıb. Sevincliyəm çünki, torpaqlarımız azad oldu, kədərliyəm çünki qardaşlarımız, oğullarımız şəhid oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Vətənimizi canımızdan və qanımızdan da çox sevirik.

–Döyüş meydanında sizi ruhdan düşməməyə vadar edən ən böyük amil nə idi?

-Torpaqlarımızı düşmən tapdağından azad etmək mənim üçün ən böyük arzu və mübarizə səbəbi idi. 1992-ci ildə ağır itkilər vermişdik, həmin günlər hər birimizin yaddaşında dərin iz buraxmışdı. 44 günlük Vətən müharibəsi isə illərlə həsrətində olduğumuz torpaqlara qovuşmaq üçün başladığımız mübarizənin tarixi oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin səsləndirdiyi “Dəmir yumruq” ifadəsi bizə böyük ruh yüksəkliyi və güc verirdi. Hər addımda, hər döyüşdə bizi irəli aparan əsas düşüncə torpaqlarımızı azad görmək və üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırmaq idi. Bu gün həmin günləri xatırlayanda anlayıram ki, çəkdiyimiz bütün çətinliklər və verdiyimiz bütün mübarizə torpaqlarımızın azadlığı ilə öz bəhrəsini verdi.

-Bu gün döyüş yoldaşlarınızı xatırlayanda nə düşünürsünüz?

-Döyüş yoldaşlarımla bağlı yaddaşımda heç vaxt silinməyəcək xatirələr var. Döyüşdə sevincimiz də, kədərimiz də bir olurdu. Bir tərəfdən torpaqlarımızı işğaldan azad edirdik, digər tərəfdən isə yanımızdakı qardaşlarımızı – döyüş yoldaşlarımızı itirirdik. Hər şəhid, hər yaralı bizim üçün böyük ağrı idi. Ən çox yaddaşımda qalan isə şəhid olan qardaşlarımızın son anlarıdır. Onlar yaralı halda belə “Vətən”, “torpaq” deyir, mübarizəni davam etdirməyə çalışırdılar. Bu sözləri, onların Vətən sevgisini heç vaxt unuda bilmərəm. Onların xatirəsi həmişəlik yaşayacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *