Rusiya Ukraynanın müxtəlif bölgələrinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumları həyata keçirib. Hücumlar nəticəsində uşaqlar da daxil olmaqla azı 20 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.
XeberPlus.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücumların Rusiya Prezidenti Vladimir Putinin 74-cü doğum gününə təsadüf etməsinə diqqət çəkərək Çerniqov vilayətinin Prıluki şəhərində yaşayış binasının dağıdılmasını Putinə ad günü “hədiyyəsi” adlandırıb.
Ən ağır nəticələr Prılukidə qeydə alınıb. Beşmərtəbəli yaşayış binasına raketin düşməsi nəticəsində azı 14 nəfər, o cümlədən dörd uşaq həyatını itirib. Təxminən 50 nəfərin yaralandığı, dağıntılar altında insanların qala biləcəyi bildirilib.
Zelenski hücumu müharibə dövrünün “ən iyrənc zərbələrindən biri” kimi qiymətləndirərək Rusiyanın ağrılı və nümayişkaranə zərbə endirmək istədiyini bildirib. Ukrayna tərəfinin məlumatına görə, hücum zamanı onlarla raket və çoxsaylı pilotsuz uçuş aparatından istifadə olunub.
Rusiya Müdafiə Nazirliyi isə genişmiqyaslı hücum həyata keçirdiyini təsdiqləyib. Moskva zərbələrin raket və pilotsuz uçuş aparatlarının istehsalı və saxlanılması ilə əlaqəli hərbi-sənaye obyektlərinə, eləcə də digər hərbi infrastruktura yönəldiyini bildirib.
Hücumlar paytaxt Kiyev də daxil olmaqla Ukraynanın bir sıra şəhərlərində dağıntılara səbəb olub. Gecə saatlarında minlərlə sakin hava hücumu təhlükəsi səbəbindən metro stansiyalarına və digər sığınacaqlara üz tutub.
Zelenski xüsusilə ballistik raketlərin Ukraynanın hava hücumundan müdafiəsi üçün ciddi təhlükə yaratdığını vurğulayaraq ölkənin əlavə müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib.
Xatırladaq ki, Vladimir Putin bu gün 74-cü doğum gününü qeyd edir.








