Məktəb illəri boyunca şagirdin yanında olan müəllim, imtahan yaxınlaşdıqda yerini repetitora verir. Bu gün bir çox ailədə övladın məktəbdə aldığı təhsillə kifayətlənməməsi, əlavə hazırlığa ehtiyac duyulması artıq adi mənzərəyə çevrilib. Xüsusilə yüksək nəticə gözləntisi olan valideynlər üçün repetitor dəstəyi təhsilin tamamlayıcı hissəsi kimi qəbul olunur. Beləliklə, məktəb müəllimindən çox, fərdi hazırlıq keçirən müəllim şagirdin təhsil və imtahan yolunda əsas fiqurlarından birinə çevrilir.
Bəs şagird və valideynlər nə üçün məktəb müəllimlərindən çox fərdi repetitorlara güvənirlər?
Mövzu ilə bağlı təhsil ekperti Cahid İmanlı XeberPlus.com-a açıqlamasında bildirib ki, məktəb proqramı ilə DİM-in imtahan tələbləri arasındakı fərq repetitorlara ehtiyacı artırır:

“Bunun ilk səbəbi məktəbin dərs proqramı ilə bağlıdır. Belə ki, şagirdlər 9-cu və 11-ci siniflərdə buraxılış və qəbul imtahanına hazırlaşarkən məzmun olaraq 5 və 6-cı siniflərin dərsliklərindən başlayaraq hazırlaşırlar. Məktəbdə müəllimlər isə yalnız bir il üçün nəzərdə tutulan məzmunu öyrətməyə borcludurlar. İlk uyğunsuzluq və pedaqoji prosesin pozulması, repetitor fəaliyyətinin genişlənməsi buradan başlayır. Digər səbəb DİM-in imtahan vaxtları və onların çətinliyidir. Məktəbdə müəllimin dərs proqramı ilin sonuna qədər davam etdiyi halda DİM-in buraxılış imtahanları mart-aprelə təsadüf edir, eləcə də DİM proqramının ağırlığı da buna təsir edir”.
Həmsöhbətimiz qeyd edib ki, şagirdlərin ixtisas seçimlərinə uyğun hazırlaşması onların məktəbdə keçirilən əlavə fənn yükünün azalmasında əhəmiyyətli rol oynayır:
“Məktəbdə şagird müəllimlər arasında seçim edə bilmir, ola bilsin ki, hansısa şagird ona dərs deyən müəllimin metodikasını bəyənmir, bu da onun digər müəllimə müraciət etməsinə səbəb olur. Vacib səbəblərdən biri məktəbdə öyrənmə mühitinin olmamasıdır. Proses elə formalaşıb ki, 9,10 və 11-ci siniflərdə şagirdlərin qruplar üzrə formalaşması olduğundan onlar öz maraqlarına uyğun fənlərə hazırlaşırlar, bu da dərs prosesinə mane olur. Məsələn, kimya dərsi 3-cü qrupa hazırlaşan şagird üçün artıq məzmun, tarix ixtisası isə 1-ci qrupa hazırlaşan şagird üçün maraqsız olur, beləliklə də effektiv dərs alınmır. Bu effektivlik üçünsə şagird və valideyinlər məktəbdən kənar dərslərə müraciət edirlər”.
Mütəxəssis vurğulayıb ki, ali təhsil müəssisələrinə hazırlaşan şagirdlər üçün məktəb dərsliyinə ehtiyac çox aşağıdır:
“Repetitor fəaliyyətində hesabatlılıq olduğu üçün valideyinlər təhsilin ödənişli olan bu formasını üstün tuturlar. Son olaraq qeyd edim ki, ali məktəbə hazırlaşan şagirdlərdən demək olar ki, heç biri məktəb dərsliklərindən istifadə etmir, hamısı xüsusi hazırlıq vəsaitlərindən yararlanırlar. Bütün bunlar hamısı kompleks şəklində repetitor təhsilini məktəb təhsilindən önə çıxarır. Qeyd edim ki, artıq 3-cü ildir ki, tam orta məktəb layihəsi tətbiq edilir. Bu layihənin ən mühüm cəhəti 10 və 11-ci siniflər üçün ixtisas qrupları üzrə hazırlığın tətbiqi və buna uyğun xüsusi proqramın təşkilidir”.







