Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialı olan Şəhidlər Muzeyində qubalı Milli Qəhrəman, baş leytenant Rafiq Nəsrəddinovun anadan olmasının 65 illiyi və qubalı qəhrəmanların Vətən müharibəsində keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş “Səngərdən keçən şanlı ömürlər – Qubalı qəhrəmanların Vətən savaşı” kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.
XeberPlus.com xəbər verir ki, Şəhidlər xiyabanı ziyarət olunduqdan sonra keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Quba rayon İH-nin və YAP Quba rayon təşkilatının nümayəndələri, Rayon Ağsaqqallar Şurasının üzvü, Xarı Bülbül jurnalının təsisçisi, kitabın ön sözünün müəllifi olan professor və sponsorları, “Vətən Naminə” İB sədri, XTQ mənsubları, ziyalılar, ədəbiyyat və mədəniyyət adamları, muzey əməkdaşları və b. iştirak ediblər.
Tədbirdə Milli Qəhrəman Rafiq Nəsrəddinovun həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib, onun Vətən qarşısındakı xidmətləri və göstərdiyi qəhrəmanlıq haqqında məlumat verilib. Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirin əlamətdar məqamlarından biri də şair, publisist Cabir Alpoğlu Albantürk tərəfindən çapa hazırlanaraq nəşr etdirilmiş “Səngərdən keçən şanlı ömürlər – Qubalı qəhrəmanların Vətən savaşı” adlı kitabın təqdimatı olub. Bildirilib ki, nəşrdə Quba rayonunun Qarabağ və Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarının həyat və döyüş yolu öz əksini tapıb.
Kitabın təqdimatı zamanı vurğulanıb ki, Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyinin qeyd olunması ilə qubalı qəhrəmanların döyüş yolunu əks etdirən kitabın təqdimatının eyni tədbirdə keçirilməsi Vətən qarşısında xidmətləri ilə tarixə yazılan qəhrəmanların xatirəsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Kitabda fərqli müəlliflərə aid yazılar vasitəsilə qəhrəmanlarımızın həyat yolu, Vətənə sədaqəti və döyüşlərdə göstərdikləri şücaət gələcək nəsillərə çatdırılır.
Qəhrəmanlarımızın şərəfli ömrü və Vətən uğrunda mübarizəsi xalqımızın yaddaşında daim yaşayacaq.//525.az













