XeberPlus

Ən son xəbərlər

Hadisə

Havada təhlükəli anlar – Sərnişin təyyarəsinin burun hissəsi parçalandı

Pakistanda sərnişin təyyarəsi enişə hazırlaşarkən quşla toqquşub. Güclü zərbə nəticəsində təyyarənin burun hissəsində ciddi zədələr yaranıb.

XeberPlus.com xəbər verir ki, hadisə noyabrın 5-də İslamabaddan Kəraçiyə uçan “Airblue” aviaşirkətinə məxsus “Airbus A321” tipli təyyarədə baş verib.

Təyyarə Kəraçidəki Cinnah Beynəlxalq Hava Limanına yaxınlaşarkən quşla toqquşub. Zərbənin təsirindən təyyarənin ön hissəsində yerləşən və meteoroloji radarı qoruyan örtük parçalanıb.

Toqquşma nəticəsində burun hissəsinin ətrafındakı konstruksiyalar da zədələnib. Buna baxmayaraq, pilotlar təyyarənin idarəetməsini qoruyaraq hava limanına təhlükəsiz eniş etməyə nail olublar.

İlkin məlumatlara görə, hadisə zamanı sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Təyyarə texniki baxışdan keçirilməsi və zədələrin qiymətləndirilməsi üçün müvəqqəti olaraq uçuşlardan kənarlaşdırılıb.

Qeyd edək ki, quşların təyyarələrlə toqquşması aviasiyada ciddi təhlükələrdən biri hesab olunur. Belə hadisələr xüsusilə təyyarələrin eniş və qalxış mərhələlərində baş verir. Güclü toqquşmalar mühərriklərə, ön şüşələrə və gövdənin müxtəlif hissələrinə ziyan vura bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *