Yeni Zelandiyada çəkilən qeyri-adi səma görüntüsü sosial şəbəkələrdə böyük marağa səbəb olub. Göy üzündə minlərlə peyk izinin göründüyü fotoşəkli izləyənlərin bir çoxu onun süni intellekt vasitəsilə hazırlandığını düşünüb.
XeberPlus.com xəbər verir ki, astrofotoqraf Brendan Larsen bu görüntünü Yeni Zelandiyadakı Taranaki dağının üzərində lentə alıb.
Fotoqraf qeyri-adi mənzərəni ortaya çıxarmaq üçün sentyabr ayında iki saat ərzində 578 fotoşəkil çəkib. Daha sonra təxminən 40 saat vaxt sərf edərək görüntülərdəki peyk izlərini bir fotoşəkildə birləşdirib.
Nəticədə göy üzündə təxminən 1400 peykə aid 14 min işıq izi əks olunub. Oktyabr ayında sosial şəbəkələrdə paylaşılan foto milyonlarla dəfə görüntülənib.
Şəklin süni intellektlə hazırlandığını iddia edənlərə cavab olaraq Larsen çəkiliş və redaktə prosesinin videosunu yayımlayıb. O, görüntünün real müşahidələr əsasında hazırlandığını göstərib.
Fotoşəkil Yer orbitində peyklərin sayının artması ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib. Mütəxəssislər kosmosda artan peyk sıxlığının astronomik müşahidələrə mane ola biləcəyini bildirirlər.









