Təhsildə məlumatı yadda saxlamaq vacib olsa da, öyrənmənin yalnız əzbərləmə üzərində qurulması şagirdin biliyə yanaşmasını dəyişə bilər. Mövzunu anlamaq və əlaqələndirmək əvəzinə hazır məlumatı yadda saxlamağa üstünlük verildikdə, biliklər real həyatda tətbiq olunmayan nəzəri məlumatlara çevrilə bilər. Bu yanaşma həm müstəqil düşünmə, həm də öyrənilənləri təhlil edib yeni situasiyalarda istifadə etmək bacarığının inkişafını məhdudlaşdıra bilər.
Bəs əzbərçilik təhsildə hansı problemlər yaradır?
Mövzu ilə bağlı təhsil eksperti İlham Əhmədov XeberPlus.com-a açıqlamasında bildirib ki, əzbərçilik metodu şagirdin nəzəri biliyini, praktiki formada tətbiq etməsini zəiflədir:

“Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə təhsilin məqsədlərinə bir daha yenidən baxmaq lazım olacaqdır. İnformasiyanı əldə etmək, mətn yaratmaq, faktları tapmaq, standart suallara cavab vermək artıq insanın intellektual imkanları ilə məhdudlaşmır. Belə şəraitdə əzbərçiliyin təhsilin əsas metoduna çevrilməsi həm məktəbin funksiyasını zəiflədir, həm də şagirdin intellektual inkişafını məhdudlaşdırır. Əzbərçilik şagirdi biliyin mahiyyətini dərk etməkdən daha çox hazır informasiyanı yadda saxlamağa istiqamətləndirir. Nəticədə şagird “nəyi bilirəm?” sualına cavab verə bilər, lakin “niyə belədir?”, “bunu harada tətbiq etmək olar?”, “başqa həll mümkündürmü?” suallarında çətinlik çəkə bilər. Bu isə tənqidi düşünmə, problem həlli, yaradıcılıq, arqumentləşdirmə və müstəqil qərarvermə bacarıqlarının inkişafını zəiflədir”.
Mütəxəssis qeyd edib ki, şagirdlərdə oxuyub-anlama vərdişi zəif olduğu üçün əzbərçiliyə daha çox üstünlük verirlər:
“Ölkədə repetitorluğun son 20-25 ildə kütləviləşməsi, məktəbdə tədris mühitinin pozulması, şagirdlərin 10-11-ci siniflərdə 4-5 fənn üzrə 5- 6 illik proqramın öyrənilməsinə cəhdi əzbərçiliyin geniş yayılmasına təkan vermişdir. Təbii ki, bu təhsil deyil. PİSA-2025, DİM 2026 hesabatları bir daha bu sahədə vəziyyətin çox ağır olduğunu göstərdi. Ölkə rəhbərliyi təhsilin bir nömrəli prioritet olduğunu bildirir. Amma məktəblərin belə sistemsiz və keyfiyyətsiz fəaliyyəti təhsili prioritet edə bilməz. Süni intellekt bu problemi daha aydın göstərir. Şagird istənilən faktı, düsturu, izahı və hətta hazır mətni saniyələr ərzində əldə edə bilir. Deməli, müasir təhsilin əsas dəyəri məlumatı yadda saxlamaqda deyil, məlumatı seçmək, yoxlamaq, müqayisə etmək, izah etmək və yeni nəticə yaratmaqda olmalıdır. Müəllim tapşırıqları “cavabı tap” modelindən “fikrini əsaslandır” modelinə keçirməlidir. Şagirdə yalnız “Fotosintez nədir?” soruşmaq əvəzinə, “Bitki niyə işıqsız mühitdə uzun müddət normal inkişaf edə bilmir?” kimi səbəb-nəticə tələb edən suallar vermək daha səmərəlidir”.
İlham Əhmədov müəllimlərin şagirdləri əzbərçilikdən uzaq, daha praktik və düşünməyə əsaslanan üsullarla necə inkişaf etdirə biləcəklərindən də danışıb:
“Müəllimlər üçün bu istiqamətdə bir sıra praktik yanaşmalar tətbiq oluna bilər. Şagird əvvəlcə sual üzərində özü düşünməli, daha sonra Sİ-nin cavabı ilə öz fikrini müqayisə etməlidir. Sİ-nin səhvlərini tapmaq, eyni suala fərqli cavabları təhlil etmək, “niyə?” sualları ilə səbəb-nəticə əlaqəsi qurmaq və əks arqument hazırlamaq da tənqidi düşünməni inkişaf etdirə bilər. Eyni zamanda, dərslərdə real həyat problemlərinə yer vermək, şagirddən mövzu ilə bağlı öz suallarını hazırlamasını istəmək və müəyyən tapşırıqları Sİ-dən istifadə etmədən yerinə yetirməsini təmin etmək vacibdir. Bu yanaşmada qiymətləndirmə yalnız hazır cavaba deyil, şagirdin düşünmə və problem həll etmə prosesinə əsaslanmalıdır”.
Həmsöbətimizin fikirincə, təhsilin məqsədi əzbərçiliyə əsaslanan sistem yox düşünən, sual verən, məlumatı təhlil edən, fikrini əsaslandıran və öyrəndiyini yeni situasiyalarda tətbiq edə bilən şagird yetişdirməkdir:
“Müəllim üçün əsas prinsip şagirdin nə qədər məlumatı yadda saxlaması olmamalıdır. Müəllim Sİ dövründə bu məsələlərə xüsusən ciddi diqqət etməlidir: şagird necə düşündü?, sual verə bildimi?, faktı yoxladımı?, arqument qura bildimi?, alternativ həll tapa bildimi?, AI-nın cavabını tənqidi qiymətləndirə bildimi?, öyrəndiyini yeni situasiyada tətbiq edə bildimi? Və s. Belə yanaşmada süni intellekt müəllimin və şagirdin rəqibi deyil, düşünmə prosesini gücləndirən intellektual alətə çevrilir. Sİ dövründə məktəbin vəzifəsi ensiklopedik yaddaşa malik şagird yetişdirmək deyil. Məqsəd sual verən, araşdıran, faktı yoxlayan, səhvini görə bilən, arqument qura bilən və yeni həll yaradan şəxsiyyət formalaşdırmaqdır. Təhsildə əsas keçid belə olmalıdır: əzbərləmədən anlamaya, hazır cavabdan düzgün suala, reproduksiyadan yaradıcı düşünməyə, müəllimdən cavab mənbəyinə müəllimdən düşünmə rəhbərinə, Sİ-dən hazır cavab almaqdan Sİ ilə birlikdə düşünməyə”.
Ekspert vurğulayıb ki, mexaniki yadda saxlama prosesi gələcək kariyerada uğursuzluqla nəticələnə bilər:
“Süni intellekt insanın düşünməsini əvəz etməməlidir. Müəllim düzgün pedaqogika ilə şagirdin düşünmə imkanlarını genişləndirməlidir. Çünki, şagird bu gün mətnləri əzbərləməklə, sabah əmək bazarında uğur qazana bilməyəcək. İnnovativ iqtisadiyyatın əmək bazarı kreativlik tələb edir”.








