“Azərbaycan radiosunun təşəkkülü və inkişafı BDU ilə sıx bağlıdır”.
XəbərPlus.com xəbər verir ki, bunu Azərbaycan radiosunun 100 illik yubileyi münasibətilə keçirilən respublika elmi-praktiki konfransında Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev deyib.
O bildirib ki, BDU məzunları radionun peşəkar istiqamətinin formalaşmasında mühüm rol oynayıblar. Radio və televiziya jurnalistikasının nəzəri və praktiki problemlərinin araşdırılmasında BDU-nun tanınmış alimləri mühüm xidmətlər göstəriblər.
Rektor qeyd edib ki, bəlkə də bugünkü gənc nəslin nümayəndələri radionun nə qədər böyük gücə malik olduğunu tam təsəvvür etmirlər.
Onun sözlərinə görə, ötən əsrin 50-ci illərinin ortalarına qədər, televiziya geniş yayılana qədər radio əsas informasiya vasitələrindən biri olub. Azərbaycan radiosu ana dilimizin qorunub saxlanılmasında və yaşadılmasında mühüm rol oynayıb. Eyni zamanda, muğam sənətimizin və zəngin mənəvi irsimizin geniş auditoriyaya çatdırılmasına böyük töhfə verib.
Elçin Babayev vurğulayıb ki, bu mənada Azərbaycan radiosu təkcə informasiya vasitəsi deyil, həm də mənəvi inkişafa təsir göstərən mühüm mədəniyyət mənbəyidir.
Rektor Azərbaycan radiosunun onun üçün xüsusi əhəmiyyət daşıdığını da bildirib:
“Azərbaycan radiosu mənim üçün yalnız informasiya vasitəsi olmayıb. Həm də yaradıcılıq mühiti, gözəl insanlarla bağlı əziz xatirələrin ünvanıdır. Gənclik illərimdə elmin kütləviləşdirilməsi istiqamətində çox geniş işlər aparılırdı.Əvvəlki dövrlərdə də ciddi və sanballı verilişləri, yüksək peşəkarlığı və dinləyiciyə olan hörməti ilə seçilən radio dünyası var idi”.


Fatimə Məmmədova








