İstanbulda şəhərsalma layihəsi çərçivəsində sökülməsinə başlanılan binanın divarı dağıdılarkən maraqlı hadisə baş verib.
XeberPlus.com xəbər verir ki, 6.1 maqnitudalı zəlzələdən sonra Murat Buğday adlı şəxsin yaşadığı binanın sökülməsilə bağlı qərar verilib.
Söküntü zamanı binanın divarının içindəki boşluqda arıların yuva saldığı aşkarlanıb. M. Buğday hadisədən xəbər tutduqdan sonra eyni məhəllədə yaşayan təqaüdçü kənd təsərrüfatı mühəndisi və arıçılıq üzrə təlimçi dostu Musa Kocamandan kömək istəyib. Divar söküldükdən sonra pətəklərdən təxminən 25 kiloqram bal çıxıb.
Murat Buğday və Musa Kocaman divarın içində yuva salan arıları tüstü vasitəsilə uzaqlaşdırıblar. Daha sonra əldə edilən bal ətrafda yaşayan insanlara paylanıb. Arılar isə təhlükəsiz əraziyə aparılaraq arı yeşiklərinə yerləşdirilib.
Musa Kocaman bildirib ki, əsas məqsədləri bal əldə etmək deyil, arı koloniyasını xilas etmək olub.
Murat Buğday isə bildirib ki, zəlzələ zamanı iki binanın bir-birindən ayrılması nəticəsində yaranan boşluğa arılar daxil olub və burada üç mərtəbə boyunca yuva qurublar.
“Qonaq otağımızın arxasında xəzinə varmış. İllər sonra bu xəzinəni çıxardıq. Divarı sındırdıq və təxminən 20-25 kiloqram bal əldə etdik”, – deyə Buğday qeyd edib.
O, arılar üçün yeni yuva hazırlandığını və onların daha əlverişli əraziyə aparılacağını bildirib. Buğday balın tamamilə təbii olduğunu və dadının çox yaxşı olduğunu da əlavə edib.



Mənbə: HaberGlobal







