Birləşmiş Millətlər Təşkilatına bağlı Ümumdünya Meteorologiya Təşkilatı yayımladığı illik hesabatında qlobal su ehtiyyatının ciddi şəkildə pozulduğunu açıqlayıb. Hesabatda dünyanın bəzi bölgələrində şiddətli quraqlıq, digərlərində isə qəfil sel və daşqınların artdığı bildirilib.
XeberPlus.com bildirir ki, ÜMT-nun “Qlobal Su Resurslarının Vəziyyəti” hesabatına görə, göllər, çaylar, torpaq nəmliyi, buzlaqlar və yeraltı sulardan ibarət şirin su ehtiyatları son 10 ildə davamlı şəkildə azalıb. 2025-ci il son 35 ildə çay axınlarının ən aşağı səviyyədə olduğu illərdən biri kimi qiymətləndirilib. Həmçinin dünyada izlənilən yeraltı su quyularının təxminən üçdə ikisinin tarixi göstəricilərdən kənara çıxdığı qeyd olunub.
Hesabatda buzlaqlardakı kütlə itkisinin də kritik həddə çatdığı vurğulanıb. 2023-2025-ci illər arasında ümumilikdə 1400 giqaton buzlaq suyunun əridiyi bildirilib. Bu rəqəmin dünyada bir il ərzində istifadə olunan ümumi şirin suyun təxminən üçdə birinə bərabər olduğu açıqlanıb.
ÜMT-nun baş katibi Celeste Saulo yeraltı sular və buzlaqların çətin illərdə su böhranının qarşısını alan ehtiyat mənbələri olduğunu bildirib. Onun sözlərinə görə, bu ehtiyatların tükənməsi nəticəsində artıq bir quraqlıq hadisəsi belə birbaşa su böhranına çevrilə bilər.
Mənbə: dha.com.tr







