XeberPlus

Ən son xəbərlər

İqtisadiyyat

Azərbaycanda yerli məhsullar niyə xaricdən gətirilir? – Ekspertdən AÇIQLAMA

Azərbaycanın torpaqları bir çox kənd təsərrüfatı məhsulunun yetişdirilməsi üçün əlverişli olsa da, bazarlarda xaricdən gətirilən məhsullara da geniş rast gəlinir. Yerli təsərrüfatlarda meyvə-tərəvəz və digər ərzaq məhsulları istehsal edildiyi halda, onların bir qisminin idxal olunması istehsal imkanları, bazardakı qiymətlər və istehlakçı tələbatı ilə bağlı məsələləri gündəmə gətirir.

Bəs Azərbaycanda kənd təsərrüfatı məhsulları yetişdirildiyi halda, bəzi məhsulların xaricdən gətirilməsinin əsas səbəbləri hansılardır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova XeberPlus.com-a açıqlamasında bildirib ki, xarici məhsulların ölkəyə idxalı bir sıra iqtisadi amillərlə bağlıdır:

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üçün kifayət qədər potensial mövcuddur. Lakin bəzi məhsullar ölkəmizdə yetişdirilsə də, onların xaricdən idxal olunması bir sıra iqtisadi amillərlə əlaqədardır. Burada əsas məsələ yalnız məhsulun ölkədə yetişdirilməsi deyil, həm də daxili tələbatın hansı həcmdə ödənilməsi, istehsalın maya dəyəri və məhsulun bazara hansı şərtlərlə çıxarılmasıdır. Bəzi hallarda yerli istehsal daxili tələbatı tam qarşılamır, digər hallarda isə fermerlərin istehsal xərcləri yüksək olduğundan xaricdən gətirilən məhsullar qiymət baxımından daha rəqabətqabiliyyətli olur”.

Mütəxəssis qeyd edib ki, mövsümilik və məhsulların saxlanma imkanları da idxalın davam etməsində mühüm rol oynayır:

“Kənd təsərrüfatında mövsümilik amili xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda müəyyən meyvə və tərəvəzlər mövsümündə bol istehsal olunsa da, ilin digər dövrlərində bazarda yerli məhsulların həcmi azalır. Soyuducu anbarların, emal müəssisələrinin və logistika imkanlarının genişləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, fermer təsərrüfatlarının xırda və pərakəndə olması, müasir texnologiyalara çıxışın məhdudluğu, suvarma və digər istehsal xərcləri də məhsuldarlığa təsir göstərir. İri idxalçılar isə bəzən məhsulları daha böyük həcmdə və sabit tədarük imkanları ilə bazara təqdim edə bilirlər. Nəticədə, yerli istehsal mövcud olsa da, idxal davam edir”.

Həmsöhbətimiz xaricdən gətirilən məhsulların həcminin azaldılması üçün bir sıra məsələlərə diqqət çəkib:

“Bu məsələnin həllində əsas məqsəd idxalı inzibati yollarla məhdudlaşdırmaq deyil, yerli istehsalın rəqabət qabiliyyətini artırmaq olmalıdır. Bunun üçün fermerlərin istehsal xərclərinin azaldılması, müasir suvarma sistemlərinin tətbiqi, anbar və emal infrastrukturunun inkişafı, eləcə də yerli məhsulların satış bazarlarına çıxışının asanlaşdırılması vacibdir.

Xüsusilə strateji ərzaq məhsulları üzrə daxili istehsalın artırılması və xarici tədarükdən asılılığın azaldılması ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, hər bir məhsulun ölkə daxilində istehsalının iqtisadi səmərəliliyi ayrıca qiymətləndirilməlidir”.

Ekspertin fikrincə, yerli istehsalın artırılması ilə yanaşı, məhsulların keyfiyyətli və münasib qiymətə, ilboyu bazara çıxarılması da təmin edilməlidir:

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının idxalı məsələsinə kompleks yanaşmaq lazımdır. Məqsəd yalnız daha çox məhsul yetişdirmək deyil, həm də həmin məhsulu münasib qiymətə, tələb olunan keyfiyyətdə və ilboyu davamlı şəkildə istehlakçıya çatdırmaq olmalıdır. Yerli istehsalçılar üçün əlverişli iqtisadi şərait yaradılarsa, həm daxili bazarın təminatını yaxşılaşdırmaq, həm də aqrar sektorun ölkə iqtisadiyyatındakı rolunu gücləndirmək mümkündür”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *