XeberPlus.com Report.az-a istinadən xəbər verir ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının federal məhkəməsində CNN telekanalına qarşı iddia qaldırıb.
Məhkəmə iddiasına səbəb CNN tərəfindən Azərbaycanla bağlı əsassız və qərəzli məlumatların yayımlandığı məqalənin dərc edilməsi olub.
Bildirilib ki, 2026-cı il iyunun 5-də CNN-də yayımlanan materialda Azərbaycanın ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edildiyi barədə iddialar yer alıb.
Azərbaycan tərəfi bu iddiaları həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatlar kimi qiymətləndirib.
Qeyd olunub ki, sözügedən materialda Azərbaycanın mövqeyi lazımi şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə əsaslandırılıb.
Azərbaycan tərəfi CNN-dən yayımlanan məlumatların təkzib edilməsini və materiala düzəlişlərin verilməsini tələb edib. Lakin müraciətlərə baxmayaraq, telekanal tərəfindən bu istiqamətdə əməli addım atılmayıb.
Bununla əlaqədar Azərbaycan CNN-ə qarşı ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində iddia qaldırıb. İddia 17 avqust 2026-cı il tarixində rəsmi olaraq məhkəməyə təqdim edilib.
Azərbaycan tərəfi bildirib ki, ölkə ərazisinin digər dövlətlərə qarşı hərbi və kəşfiyyat məqsədləri üçün istifadəsinə heç vaxt imkan verilmir.







