2027-ci il Azərbaycan iqtisadiyyatı üçün yeni prioritetlərin ön plana çıxdığı dövr olacaq. Büdcə siyasəti, qeyri-neft sektorunun inkişafı, investisiyaların artırılması və iqtisadi artımın qorunması ilə bağlı atılacaq addımlar ölkənin iqtisadi gündəminin əsas istiqamətlərini müəyyənləşdirəcək. 2027-ci il üzrə dövlət büdcəsinin xərcləri 42 milyard 200 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 496,4 milyon manat çoxdur.
Bəs qarşıdakı ildə Azərbaycan iqtisadiyyatında konkret hansı dəyişikliklərin baş verməsi gözlənilir?
Mövzu ilə bağlı REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli XeberPlus.com-a açıqlamasında bildirib ki, 2027-ci ildə daha müsbət iqtisadi mənzərənin formalaşması üçün 2026-cı ilin nəticələri mühüm əhəmiyyət daşıyacaq:

“Azərbaycanda 2027-ci illə bağlı gözləntilər 2026-cı ilin bitməsi ilə daha aydın olacaq və daha dəqiq mənzərə formalaşacaq. Çünki hazırda makroiqtisadi göstəricilər o qədər də ürəkaçan deyil. Ümum daxili məhsulun artım tempi aşağıdır. Qiymət artımı, xüsusən də ərzaq inflyasiyası yeddi faizə yaxınlaşır. Bu göstəricilərdə müəyyən irəliləyiş əldə olunarsa, 2027-ci ildə daha yaxşı göstəricilər görə bilərik. Bunun üçün əsas hədəf iqtisadi böyümə olmalıdır”.
Ekspert qeyd edib ki, iqtisadi artımın davam etməsi növbəti ilin prioritetini müəyyən etməyə şərait yaradacaq:
“Bütün qərarlar və Nazirlər Kabinetinin fəaliyyəti iqtisadi artıma yönəlməlidir. İqtisadi yüksəliş artarsa, bu məhsul və xidmət bolluğuna səbəb olar. Mövcud qiymətlərə müsbət təsir göstərər və qiymət artımının tempi aşağı düşər. Ona görə də əsas məsələ budur ki, dekabrın sonu və yanvar ayının əvvəlində, 2027-ci ilə hansı göstəricilərlə çatacağımızı deyə biləcəyik”.







