Dəvələr “səhranın gəmiləri” kimi tanınır, lakin bu dözümlü heyvanlar belə Afrikada yüksələn həddindən artıq temperaturdan təsirlənir.
Efiopiyanın şimal-şərqində yerləşən Afar bölgəsi dünyanın ən isti və ən quraq ərazilərindən biridir. Burada köçərilər tez-tez dəvə karvanları ilə səhradan duz daşıyırlar.
Afarın Semera bölgəsində dəvə çobanı olan Əli Ömər BBC-yə açıqlamasında deyib: “Dəvələrimin həddindən artıq istidən əziyyət çəkdiyini görürəm”.
Təxminən 500 dəvəsi olan 40 yaşlı kişi bildirib: “Ayaqlarında qabarcıqlar yaranır, gözləri sulanır, isti qum onları yandırır. Oturduqları zaman isə tükləri zədələnir”.Son bir ay ərzində həddindən artıq istilər səbəbindən səkkiz dəvə balasını itirmişəm. Vəziyyət getdikcə daha da ağırlaşır.
Əvvəllər sərin hava gətirən külək belə indi isti hava gətirir”, – deyən dəvə çobanı son illərdə temperaturda bu cür kəskin dəyişiklikləri müşahidə etdiyini də bildirib.
O, bu müşahidələrində tək deyil. Alimlər, heyvan hüquqları müdafiəçiləri və müxtəlif araşdırmalar həddindən artıq istilərin birbaşa təsiri nəticəsində heyvanlarda stress, yorğunluq, susuzluq və xəstəliklərin artdığını bildirirlər.
Mənbə: BBC Türk







