Misli Premyer Liqasının IX turunda “Zirə” doğma meydanda “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edərək vacib üç xal qazanıb.
XeberPlus.com xəbər verir ki, qarşılaşmaya sürətli başlayan meydan sahibləri 8-ci dəqiqədə Ruan Renatonun penalti zərbəsi ilə hesabı açıblar. 21-ci dəqiqədə Rikardo Martins fərqi iki topa çatdırıb.
“Sumqayıt” 39-cu dəqiqədə Nihad Əhmədzadənin qolu ilə hesab arasındakı fərqi azaldıb. İkinci hissənin 56-cı dəqiqəsində Keffel Resende tarazlığı bərpa edərək hesabı 2:2-yə çatdırıb.
Gərgin mübarizənin taleyi 83-cü dəqiqədə həll olunub. Davit Volkovun vurduğu qol “Zirə”yə 3:2 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən “Zirə” turnir cədvəlində dördüncü pilləyə qalxıb. “Sumqayıt” isə 8 xalla səkkizinci yerdə qərarlaşıb.
Turun digər qarşılaşmasında “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. IX tura oktyabrın 25-də yekun vurulacaq.








