ABŞ-da yalnız böyüklər üçün nəzərdə tutulan xüsusi təyyarə səfəri təşkil ediləcək. Yeni layihəyə əsasən, uçuş zamanı təyyarədə heç bir uşaq sərnişin olmayacaq.
XeberPlus.com xəbər verir ki, ABŞ-ın “JetBlue Airways” aviaşirkəti və Virgin Voyages kruiz şirkəti birlikdə yalnız böyüklər üçün xüsusi səyahət paketi hazırlayıb.
Layihə çərçivəsində sərnişinlər Nyu-Yorkdan Floridaya uçacaq, daha sonra isə lüks gəmi ilə Karib dənizində dörd günlük səyahətə çıxacaqlar. Həm təyyarədə, həm də gəmidə yalnız yetkin şəxslər iştirak edə biləcəklər.
Səyahətin 4 mart 2027-ci ildə başlaması planlaşdırılır. Paketə gediş-dönüş aviabiletləri və dörd gecəlik gəmi turu daxildir. İki nəfərlik paketin başlanğıc qiyməti 2750 dollar təşkil edir.
Qeyd edək ki, bu qayda “JetBlue” şirkətinin bütün uçuşlarına şamil edilməyəcək. Uşaqların iştirakına qoyulan məhdudiyyət yalnız xüsusi turizm proqramı çərçivəsində tətbiq olunacaq.








