Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıda keçirilən beynəlxalq toplantıda əl hərəkəti ilə bağlı yayılan iddialara aydınlıq gətirilib. Onun İsrail rəsmisinin çıxışı zamanı digər nümayəndələrə zalı tərk etmək üçün işarə verdiyi barədə iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.
XeberPlus.com xəbər verir ki, türkiyəli tarixçi və televiziya şərhçisi Əhməd Anapalı bu iddianı təkzib edib. O, Fidanın əlini qaldırmasının digər ölkələrin nümayəndələrinə işarə verməklə əlaqəli olmadığını deyib.
Anapalı bildirib ki, Türkiyənin xarici işlər naziri sinxron tərcüməni dinləmək üçün istifadə etdiyi qulaqlığı çıxararkən əlini qaldırıb. Tarixçi belə görüntülər əsasında fərqli iddiaların yayılmasını tənqid edərək, Türkiyənin özünü göstərmək üçün uydurma hekayələrə ehtiyac duymadığını vurğulayıb.
Görüntülərdə Fidanın qulaqlığını çıxararaq masaya qoyduğu görünür. Əl hərəkətinin digər nümayəndələrə işarə kimi təqdim edilməsi isə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Hakan Fidan oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak edib. İsrail Prezidenti İshaq Hersoqun çıxışı başlayarkən Fidan və bir sıra ölkələrin nümayəndələri zalı tərk ediblər.








