Rusiya gecə saatlarında Ukraynaya ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Nəticədə 1 nəfər həyatını itirib, 10 nəfər yaralanıb, 3 nəfərin isə itkin düşdüyü bildirilir.
XeberPlus.com xəbər verir ki, hücumlar xüsusilə Kiyev və ətraf bölgələrdə dağıntılara səbəb olub. Yaralananlar arasında üç uşağın da olduğu qeyd edilir. Zərbələr nəticəsində yaşayış evləri, məktəb, tibb müəssisəsi və metro stansiyası da zərər görüb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya hücum zamanı 16 ballistik raket və 200-dən çox pilotsuz uçuş aparatı istifadə edib. Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində enerji infrastrukturu da hədəfə alınıb.
Zelenski 10-dan çox enerji obyektinin zərər gördüyünü və ən azı 550 min ailənin elektrik enerjisiz qaldığını açıqlayıb. Hazırda qəza-bərpa qrupları elektrik təchizatının bərpası istiqamətində çalışır.
Ukrayna Prezidenti Rusiyanı müharibəni uzatmaqda ittiham edib və ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün tərəfdaşlarını dəstəyə çağırıb.








