ABŞ-ın Florida ştatındakı Everqleyd bataqlıqlarında qeyri-adi mübarizə aparılır. Tədqiqatçılar bölgədə sürətlə yayılan Birma pitonlarını tapmaq üçün canlı yem əvəzinə robot dovşanlardan istifadə etməyə başlayıblar.
XeberPlus.com xəbər verir ki, Florida Universitetinin alimləri tərəfindən hazırlanan bu robotlar xarici görünüşcə adi dovşanı xatırladır. Lakin onların içərisində istilik sistemi, hərəkət mexanizmi, qoxu yaradan qurğular və kameralar yerləşdirilib. Məqsəd isə pitonların ov zamanı axtardığı siqnalları təqlid edərək onları gizləndikləri yerlərdən çıxarmaqdır.
Təxminən 90 robot dovşan bataqlıq ərazilərinə yerləşdirilib. İlanlar bu saxta ovlara yaxınlaşdıqda kameralar vasitəsilə görüntülər qeydə alınır və süni intellekt sistemi pitonları müəyyən etməyə kömək edir.
Araşdırmaçıların diqqətini çəkən ən maraqlı məqam isə pitonların davranışı olub. Mütəxəssislərin sözlərinə görə, ilanlar robot dovşanlara dərhal hücum etmir, əksinə onların yanında uzun müddət gözləyirlər. Bu isə ovçulara onları aşkar etmək üçün vaxt qazandırır.
Problemin səbəbi isə Birma pitonlarının Florida ekosisteminə aid olmamasıdır. Cənub-Şərqi Asiya mənşəli bu nəhəng ilanlar bölgədə çoxalıb və yerli kiçik məməli heyvanların sayının ciddi azalmasına səbəb olub. Mütəxəssislər Everqleyd ərazisində yüz minlərlə pitonun ola biləcəyini bildirirlər.
Əvvəllər pitonları tapmaq üçün canlı dovşanlardan istifadə edilib. Lakin bu üsul həm çətin, həm də bahalı olduğuna görə alimlər texnoloji həll yoluna üstünlük veriblər.
İndi isə alimlər robot dovşan sistemini daha da inkişaf etdirməyi planlaşdırırlar. Görünən odur ki, vəhşi təbiətlə mübarizədə artıq robotlar da yeni vasitəyə çevrilir.









