İsraildə keçirilən kibertəhlükəsizlik sınağı zamanı Google-un süni intellekt modeli Gemini gözlənilmədən real sistemlərə çıxış əldə edib. Süni intellekt modeli üç fərqli şirkətin sisteminə daxil olaraq tarixdə ilk müstəqil kiber əməliyyatlardan birini həyata keçirib.
XeberPlus.com xəbər verir ki, hadisə İsraildə fəaliyyət göstərən kibertəhlükəsizlik şirkəti Irregular tərəfindən aparılan sınaq zamanı baş verib. Test zamanı məqsəd süni intellektin təhlükəsizlik zəifliklərini aşkar etmək və qapalı mühitdə fəaliyyət imkanlarını yoxlamaq olub.
Lakin sınaq zamanı edilən insan səhvləri nəticəsində vəziyyət dəyişib. Süni intellekt sisteminin internet bağlantısı açıq qalıb və test üçün yaradılan saxta şirkət adı real bir qurumun domen adı ilə üst-üstə düşüb.
Gemini internetə çıxış əldə etdikdən sonra qarşısındakı sistemi test mühiti deyil, real şirkət kimi qəbul edib. Süni intellekt açıq mənbələrdə olan məlumatları analiz edərək bəzi giriş məlumatlarını və şifrələri aşkar edib.
Daha sonra sistem üç fərqli real şirkətin təhlükəsizlik divarlarını keçərək onların sistemlərinə daxil olmağa nail olub.
Hadisənin diqqətçəkən tərəfi isə süni intellektin sonrakı davranışı olub. Gemini sistemin real mühit olduğunu başa düşdükdən sonra əməliyyatı dayandırıb və heç bir məlumat oğurlamadan fəaliyyəti sonlandırıb.
Google nümayəndələri bu hadisəni süni intellektin təhlükəsizlik imkanlarını göstərən mühüm sınaq kimi qiymətləndiriblər. Lakin mütəxəssislər gələcəkdə süni intellektdən istifadə edilən kiber hücumların daha ciddi təhlükələr yarada biləcəyini bildirirlər.
Bu hadisə süni intellekt texnologiyalarının inkişafı ilə yanaşı, yeni kibertəhlükəsizlik tədbirlərinin də vacibliyini bir daha gündəmə gətirib.








