Ukraynanın paytaxtı Kiyevdə pilotsuz uçuş aparatı hücumu nəticəsində Ukrayna Milli Elmlər Akademiyasının binasına ziyan dəyib.
XeberPlus.com xəbər verir ki, hadisə zamanı binanın yuxarı mərtəbələrində yanğın baş verib, içəridə olan bəzi insanlar tüstü və alov səbəbindən çətin vəziyyətdə qalıblar.
Məlumata görə, sentyabrın 28-də Kiyevin Şevçenkovski rayonunda baş verən hadisə zamanı jet mühərrikli dron Akademiyanın tarixi binasına düşüb. Zərbədən sonra dam və üst mərtəbələrdə yanğın başlayıb.
Yanğından çıxmağa çalışan bəzi şəxslər pəncərələrə yönəlib. Hadisə yerindən yayılan görüntülərdə binadan güclü tüstünün qalxdığı və insanların xilas edilməsini gözlədiyi görünür.
Xilasedicilər hadisə yerinə cəlb olunaraq yanğının qarşısını almağa və binada qalan şəxsləri çıxarmağa çalışıblar. İlkin məlumatlara əsasən, iki nəfər pəncərələrdən xilas edilib.
Hücum nəticəsində azı bir nəfərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra ərazidə yanğınsöndürmə və axtarış-xilasetmə işləri aparılıb. Hücumun nəticəsində binaya dəyən ziyanın miqyası araşdırılır.








