Elə sənətkarlar var ki, onların əsərləri sadəcə dinlənilmir, insanın yaddaşında yaşayır. Şəfiqə Axundova da Azərbaycan musiqisində belə iz qoyan sənətkarlardandır. Onun bəstələri illər keçsə də, öz doğmalığını qoruyur, Azərbaycan musiqisinin zəngin tarixində xüsusi yer tutur.
1924-cü ildə Şəkidə dünyaya gələn Şəfiqə Axundovanın musiqiyə olan sevgisi onu böyük sənət yoluna aparıb. O, Üzeyir Hacıbəyovdan dərs alıb, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq təhsili alaraq yaradıcılığını inkişaf etdirib.
Sənətkarın yaradıcılığında musiqilər mühüm yer tutur. Lakin onun adını Azərbaycan musiqi tarixində xüsusi şəkildə yaşadan əsərlərdən biri “Gəlin qayası” operasıdır. Şəfiqə Axundova bu əsərlə Şərqdə opera yazan ilk qadın bəstəkar kimi tarixə düşüb.
Onun yaradıcılığında qadın dünyası, sevgi, vətən, insan duyğuları və həyatın müxtəlif çalarları öz əksini tapıb. Bəlkə də buna görə Şəfiqə Axundovanın musiqisi bu gün də dinləyiciyə doğma gəlir.
Şəfiqə Axundova 2013-cü ildə vəfat etsə də, onun adı və musiqisi Azərbaycan mədəniyyətində yaşamaqda davam edir. Çünki əsl sənətkarlar həyatdan köçür, amma yaratdıqları əsərlər onları gələcək nəsillərlə tanış etməyə davam edir.







