XeberPlus

Ən son xəbərlər

Sosial

Süni intellekt insan münasibətlərinin əvəzləyir? – Ekspertdən AÇIQLAMA

Son illərdə süni intellekt yalnız iş və təhsil sahəsində deyil, insanların gündəlik ünsiyyətində də getdikcə daha çox yer almağa başlayıb. İnsanların fikir bölüşmək, məsləhət almaq və hətta ünsiyyət qurmaq üçün süni intellektə müraciət etməsi gələcəkdə sosial münasibətlərin formasını da dəyişə bilər. Bu tendensiyanın insanlararası münasibətlərə necə təsir göstərəcəyi isə artıq müzakirə olunan əsas məsələlərdən birinə çevrilib.

İnsanların süni intellektlə ünsiyyətə üstünlük verməsi gələcəkdə sosial münasibətlərə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov XeberPlus.com-açıqlamasında bildirib ki, insan ünsiyyətinin əsas xüsusiyyəti qarşı tərəfin reaksiyası ilə insanın özünün tanıması və yeni sosial təcrübələr qazanmasıdır:

“Süni intellekt insana cavab verir, insan isə insana təsir edir. Süni intellekt informasiyanı sürətləndirir, insan təması isə emosional təcrübə yaradır. Süni intellekt sizin dediyinizi emal edir, real insan isə sizi hiss edir, sizdən təsirlənir və öz reaksiyası ilə sizi də dəyişir. Süni intellektlə danışmaq rahatdır, çünki orada real münasibətin gətirdiyi emosional risk yoxdur. Amma insan münasibətinin dəyəri məhz qarşılıqlılıqdadır. Qarşındakı insanın baxışı, səsi, susması, reaksiyası və hətta fikir ayrılığı belə psixoloji təcrübənin bir hissəsidir”.

Ekspert qeyd edib ki, süni intellekt insan hissini əvəzləyə bilməz:

“Süni intellekt insanın informasiya ehtiyacını müəyyən qədər qarşılaya bilər, amma emosional ehtiyaclarını insan münasibətinin yerinə keçirə bilməz. İnsan emosional canlıdır. Ona yalnız cavab deyil, qarşılıq lazımdır”.

Mütəxəssis vurğulayıb ki, insanın ünsiyyət ehtiyacı sadəcə cavab almaqla bitmir, ona canlı münasibət və qarşısındakı insanın varlığını hiss etməsi də lazımdır:

“Hər hansı tibbi və ya psixoloji problemlə bağlı davamlı və gündəlik həyata təsir edən vəziyyət yaranırsa, müvafiq mütəxəssisə müraciət edilməlidir. Texnologiya insanla danışa bilər. Amma insanın ehtiyacı yalnız danışmaq deyil, qarşısında həqiqi bir insanın olduğunu hiss etməkdir”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *