XeberPlus

Ən son xəbərlər

Araşdırma

Siçanların beyninə insan hüceyrələri yerləşdirildi

Alimlər insan beyninin xəstəliklərini daha real şəkildə araşdırmaq üçün siçanların beyninə insan sinir hüceyrələri yerləşdiriblər. Təcrübə nəticəsində insan hüceyrələri ilə təchiz edilən siçanların bəzi davranış və fizioloji reaksiyalarında dəyişikliklər müşahidə olunub.

“Nature” elmi jurnalında yayımlanan araşdırmada tədqiqatçılar genetik üsullarla beyin qabığının böyük hissəsi zəiflədilmiş siçanlar hazırlayıb. Daha sonra həmin bölgəyə laboratoriyada yetişdirilmiş insan kortikal neyronları yerləşdirilib.

Təcrübə zamanı siçanların beynindən təxminən 14 milyon neyronu çıxarılıb və onların yerinə 4 milyona yaxın insan neyronu əlavə edilib.

Alimlərin sözlərinə görə, bu üsul epilepsiya, serebral iflic və inkişaf pozuntuları kimi insan beyninə təsir edən xəstəliklərin öyrənilməsində daha dəqiq nəticələr əldə etməyə kömək edə bilər.

Əvvəlki təcrübələrdə insan beyin hüceyrələrinin siçan beyninə tam uyğunlaşması çətin olurdu. Bunun əsas səbəbi insan neyronlarının siçan hüceyrələrindən daha yavaş inkişaf etməsi idi. Yeni yanaşmada isə alimlər insan hüceyrələri üçün beyində xüsusi boş sahə yaradaraq onların inkişaf etməsinə şərait yaradıblar.

Araşdırma zamanı insan neyronları bir neçə ay ərzində siçan beynində böyüyərək həmin sahənin böyük hissəsini tutub. İnsan hüceyrələri yerləşdirilən siçanların yaddaş testlərində və sosial davranışlarında digər qrupla müqayisədə daha yaxşı nəticələr göstərdiyi bildirilib.

Maraqlı nəticələrdən biri də siçanların bəzi hallarda daha “insansı” reaksiyalar verməsi olub. Normal siçanlar oksigen çatışmazlığına insanlardan daha dözümlü olduğu halda, insan neyronları əlavə edilən siçanlarda oksigensiz qalma zamanı hərəkət problemləri müşahidə edilib.

Tədqiqatçılar bildirirlər ki, bu üsul gələcəkdə insanlarda yaranan bəzi beyin xəstəliklərini öyrənmək və yeni müalicə üsulları hazırlamaq üçün mühüm vasitəyə çevrilə bilər.

Alimlər isə vurğulayırlar ki, bu təcrübə “insan beyninə sahib siçan” yaratmaq demək deyil. Siçan beyninə yerləşdirilən insan hüceyrələri tam insan beyin quruluşu formalaşdırmayıb və şüurla bağlı hər hansı əlamət müşahidə olunmayıb.

Etik narahatlıqlar səbəbindən tədqiqatçılar təcrübəni təxminən 6 ay sonra dayandırıblar. Onlar hüceyrələrin daha da inkişaf etməsinin gələcəkdə heyvanların idrak qabiliyyəti ilə bağlı yeni suallar yarada biləcəyini qeyd ediblər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *