ABŞ və Türkiyə arasında diplomatik təmaslar davam edir. ABŞ-ın Ankara səfiri Tom Barrack açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan ilə ABŞ Prezidenti Donald Trumpın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüşəcəyini bildirib.
Məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, regional məsələlər və beynəlxalq gündəmdə olan mövzuların müzakirə olunacağı gözlənilir.
BMT-nin 81-ci Baş Assambleyası sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində başlayacaq. Bu il keçiriləcək toplantıda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirakı nəzərdə tutulur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın da Baş Assambleyanın ilk günündə çıxış edəcəyi bildirilib. Sammitdə 190 ölkədən yüksək səviyyəli iştirakçıların qatılması gözlənilir.
Görüşün ABŞ və Türkiyə arasındakı əlaqələrin gələcək istiqamətləri baxımından diqqətlə izlənəcəyi qeyd olunur.







