Azərbaycanda turizm sektorunun inkişafı ilə yanaşı, hotel qiymətləri və xidmətlərin qiymətə uyğunluğu da turistlərin seçimində əsas məsələlərdən birinə çevrilib. Xüsusilə yay və bayram günləri kimi turist axınının artdığı dövrlərdə qiymətlərin yüksəlməsi, digər aylarda isə nisbətən aşağı olması diqqət çəkir. Xarici ölkələrə səyahət edən turistlər isə bəzən eyni büdcə ilə daha geniş xidmətlərdən yararlana bildiklərini qeyd edirlər. Bu vəziyyət yerli otellərin rəqabət imkanlarını və Azərbaycanda turizmə olan tələbi də gündəmə gətirir.
Mövzu ilə bağlı turizm eksperti Cabir Dövlətzadə XeberPlus.com-a müsahibə verib:
–Cabir bəy, Azərbaycanda yerli Hotellərin qiymətləri xaricilə müqayisədə nə dərəcədə rəqabətlidir?

-Azərbaycanda hotel qiymətləri Avropa ilə müqayisədə xeyli uyğundur. Xüsusən Avropanın inkişaf etmiş paytaxtlarında bu göstərici yerli qiymətlərdən 2-3 dəfə yüksəklik təşkil edir. Azərbaycanda qiymət artımı daha çox müştəri çoxluğu ilə əlaqədar ola bilir. Müştəri kifayət qədər olmadıqda, ölkə sərhədlərinin bağlı olması və sadəcə hava yollarından istifadə edildikdə qiymətlərdə azalma baş verir. Lakin Gürcüstandan dəmiryolu ilə gələn turistlər istisna olmaqla, Azərbaycana gələn turist sayı bu il 10%-in üzərində azalıb və azalmaqda da davam edir. Formula-1 yarışı ilə əlaqədar olaraq, ölkəyə bir həftə içərisində 15-20 min arası turist gələcək. Bu da onu göstərir ki, yüksək səviyyəli beynəlxalq tədbirlər və idman layihələri Azərbaycanı cəlbedici edir.
–Sizcə, Azərbaycanda hotel qiymətlərinin mövsümə görə kəskin dəyişməsi turist axınında necə rol oynayır ?
-Hotel qiymətlərinin yüksəkliyi təklif və tələblə əlaqədardır. Bakı və digər turistik bölgələr də hazırda tam yerləşmə müşahidə olunmur. Keçən illə müqayisədə xeyli azalmanı görürük. Bu da turizm infrastrukturuna ciddi təsir göstərir.
.“Eyni büdcə ilə xaricdə daha çox xidmət almaq mümkündür” yanaşması Azərbaycan turizminə nə dərəcədə təsir edir?
-Eyni büdcə ilə xaricdə, xüsusən də Avropada istirahət etmək çox çətindir. Azı bunun iki qatını sərf eləməli oluruq. Sadəcə qardaş Türkiyədə əvvəlcədən rezervasiyalar vasitəsilə qiymətlərdə endirim əldə eləmək mümkündür. Bu da 3-6 ay əvvəldən olmalıdır.







