İranda sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra texniki problem səbəbilə geri dönmək məcburiyyətində qalıb.
Sepehran Airlines şirkətinə məxsus olduğu bildirilən Boeing 737 təyyarəsi Məşhəddən Kirmanşaha uçuş həyata keçirərkən qalxış zamanı eniş təkərlərindən birində nasazlıq yaranıb.
Pilot vəziyyətlə bağlı hava hərəkətinə nəzarət mərkəzinə məlumat verərək təcili geri qayıtmaq qərarı verib. Təyyarə bütün təhlükəsizlik prosedurlarına uyğun şəkildə yenidən Məşhəd hava limanına enib.
Hadisə zamanı sərnişin və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Lakin eniş zamanı kabinin tavan hissəsində bəzi panellərin yerindən çıxdığı görüntülərə əks olunub.
Nasazlıq səbəbilə hava limanının uçuş zolaqlarından biri qısa müddətə bağlanıb, daha sonra texniki yoxlamalardan sonra yenidən istifadəyə verilib.
Mütəxəssislər təyyarədə yaranan problemin dəqiq səbəbini müəyyən etmək üçün texniki araşdırmaya başlayıblar.







