Hindistanın Andhra Pradeş ştatında yeni istifadəyə verilən Alluri Sitarama Raju Beynəlxalq Hava Limanının açılışından sonra qeydə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məlumata görə, hava limanının ətrafında yaradılmış yaşıllıq və landşaft zonasına daxil olan bəzi şəxslər yeni əkilmiş gül və dekorativ bitkiləri kökündən çıxararaq özləri ilə aparıblar.
Kadrlarda qadın və kişilərin ərazidəki bitkiləri torpaqdan çıxardığı, daha sonra isə əllərində gül və digər bitkilərlə ərazidən uzaqlaşdığı görünür. Hadisənin yalnız bir neçə nəfərlə məhdudlaşmadığı, çoxsaylı insanların da eyni hərəkəti etdiyi bildirilir.
Hava limanı avqustun 1-də Hindistanın Baş naziri Narendra Modinin iştirakı ilə istifadəyə verilib. Visakhapatnam yaxınlığında yerləşən hava limanında kommersiya uçuşlarının avqustun 17-dən başlanması planlaşdırılır.
Bundan başqa, eyni hava limanından yayılan başqa görüntülərdə bəzi ziyarətçilərin dekorativ hovuzlara daxil olduğu da görünür. Baş verənlər Hindistanın sosial media platformalarında ictimai məkanların qorunması ilə bağlı müzakirələr yaradıb.
Hadisədə iştirak edən şəxslər barəsində hər hansı hüquqi tədbir görülüb-görülmədiyi barədə hələlik rəsmi məlumat yoxdur.
Mənbə: SonDakika.com







