Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Kosmos Araşdırma Agentliyinin (JAXA) birgə layihəsi olan BepiColombo missiyası təxminən 8 illik səyahətdən sonra Merkür planetinə çatmağa hazırlaşır.
2018-ci ildə kosmosa buraxılan aparat 10 milyard kilometrdən çox yol qət edib. Missiyanın məqsədi Merkürün quruluşunu, maqnit sahəsini, səthini və çökəkliklərini araşdırmaqdır.
BepiColombo iki ayrı kosmik aparatla işləyəcək. Onlardan biri planetin səthini, digəri isə maqnit sahəsini və ətraf mühiti öyrənəcək.
Alimlər bu missiya ilə Merkürün niyə digər planetlərdən fərqli sıx quruluşa malik olduğunu və səthindəki çuxurların necə yarandığını öyrənməyə çalışırlar.
Merkür Günəşə orta hesabla 58 milyon kilometr məsafədə yerləşir və onun səth temperaturu gündüz vaxtı 430 dərəcəyə qədər yüksələ bilir. Bu səbəbdən planetin tədqiqi digər planetlərlə müqayisədə daha çətin hesab olunur.
Mənbə: NTV







