XeberPlus

Ən son xəbərlər

Turizm

Bəzi bölgələrdə turizm niyə zəif inkişaf edir? – Ekspert açıqladı

Azərbaycanın müxtəlif bölgələri təbiəti, tarixi abidələri və özünəməxsus mədəni irsi ilə böyük turizm imkanlarına malikdir. Lakin bütün ərazilərdə turizmin inkişafı eyni səviyyədə deyil. Bəzi bölgələrdə infrastruktur, nəqliyyat, xidmət keyfiyyəti, tanıtım və investisiya imkanlarının məhdudluğu turizmin inkişafını ləngidən əsas amillər sırasında yer alır.

Bəs Azərbaycanda turizm potensialı yüksək olduğu halda, hansı regionlarda bu sahə yetərincə inkişaf etməyib ?

Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev XeberPlus.com-a açıqlamasında bölgələrdə turizmlə bağlı müəyyən çatışmazlıqlardan söz açıb:

“Azərbaycanın turizm potensialı böyük olsa da, bu imkanlardan bütün regionlarda eyni səviyyədə istifadə olunmur. Xüsusilə Lənkəran-Astara, Lerik-Yardımlı, Şəki-Zaqatala, Naxçıvan və bəzi qərb rayonlarında turizm resurslarının daha geniş şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsinə ehtiyac var. Bu bölgələrdə təbiət, tarix, mədəniyyət, sağlamlıq və kənd turizmi üçün ciddi imkanlar mövcuddur. Əsas problemlərdən biri regionlarda müasir turizm infrastrukturunun və keyfiyyətli yerləşmə obyektlərinin kifayət qədər inkişaf etməməsidir. Digər mühüm məsələ nəqliyyat əlçatanlığı və turistlərin bölgələr daxilində rahat hərəkət imkanlarının yaxşılaşdırılmasıdır”.

Ekspert qeyd edib ki, kadr və tanıtım çatışmazlığı da regionlarda turizmin inkişafını məhdudlaşdıran əsas amillərdəndir:

“Peşəkar kadr çatışmazlığı və xidmət səviyyəsinin bəzi ərazilərdə gözləntilərə cavab verməməsi də turizmin inkişafını ləngidir. Regionların turizm məhsullarının beynəlxalq və daxili bazarlarda kifayət qədər tanıdılmaması da əsas maneələrdən biridir”.

Rəhman Quliyev vurğulayıb ki, regionlarda turizmin inkişafı üçün hər ərazinin özünəməxsus imkanlarından daha səmərəli istifadə edilməlidir.

“Hər regionun özünəməxsus turizm brendi formalaşdırılmalı və həmin ərazinin spesifik üstünlükləri ön plana çıxarılmalıdır. Dövlət dəstəyi ilə yanaşı, yerli sahibkarların turizm layihələrinə daha fəal cəlb olunması və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi vacibdir. Əsas hədəf turist axınını yalnız bir neçə məşhur istiqamətdə cəmləşdirmək deyil, Azərbaycanın bütün regionlarını vahid və rəqabətqabiliyyətli turizm məkanına çevirmək olmalıdır”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *