Elə mahnılar var ki, beyinimizdən uzun müddət silinmir. Qoyduğu xatirələrilə daim xatırlanır, sanki uzun müddətdir onu eşitmək üçün yaşayırmışıq kimi hiss edirik. Dərin duyğusilə bütün ruhumuzda səslənir. Bəzən bir mahnının musiqisi yaxud yarımçıq sözlərini xatırlasaqda, onun yaratdığı təsiri unuda bilmirik. Sanki onu itirmişik tapanda isə uşaq kimi sevinirik. Bəlkədə bu illərdir beyinimizin bizə yaşatdığı ən gözəl hiss olur. Çox vaxt isə əksinə sevmədiyimiz mahnını beyinimzdən çıxara bilmirik.
Araşdırmalara görə belə mahnıların beyinə hifz edilmə səbəbi həmin anki duyğuda olmaq və musiqi tembirinin ruhla bütünləşməsidir.
Psixologiyada bu vəziyyət “iradədənkənar musiqi təsəvvürü” adlandırılır. Gündəlik dildə isə buna “qulaq qurdu” deyilir. İnsan real olaraq musiqi eşitmir, sadəcə həmin melodiyanı zehnində qeyri-ixtiyari şəkildə təkrarlayır.
Beynimiz tanış musiqinin davamını da müəyyən mənada əvvəlcədən təxmin edir. Məsələn, mahnı yarımçıq dayandırıldıqda belə, onun növbəti hissəsini zehnimizdə davam etdirə bilərik. Bu xüsusiyyət musiqinin niyə bəzən real səs olmadan da beynimizdə “çalmağa” davam etdiyini izah edir.
Maraqlı məqamlardan biri də budur ki, belə mahnılar daha çox sakit və ya avtomatik fəaliyyət zamanı yada düşə bilər. Ev işləri görərkən, yolda gedərkən, duş qəbul edərkən və ya yatmazdan əvvəl beynimizdə birdən-birə hansısa musiqi səslənməsi buna nümunədir. İnsan həmin anda mürəkkəb bir işə tam diqqət ayırmadığı üçün beynin sərbəst düşünməsi üçün daha çox imkan yaranır.
Mütəxəssislər hesab edirlər ki, mahnının beynimizdə təkrar olunması əksər hallarda tamamilə normal hadisədir. Bu, beynin musiqini yadda saxlamaq, tanımaq və gələcək səsləri proqnozlaşdırmaq qabiliyyətinin maraqlı nəticələrindən biridir.
Yəni növbəti dəfə bir mahnının saatlarla beyninizdə səsləndiyini hiss etsəniz, bunun səbəbi beyninizin həmin melodiyanı “sevməsi” olmaya bilər. Sadəcə mahnı ritmi, sözləri və melodiyası ilə beyniniz üçün kifayət qədər yadda qalan olub. Maraqlı məqam isə mahnını unutmağa çalışdıqca onu daha çox xatırlaya biləcəyimizdir. Çünki “bunu düşünməməliyəm” deyəndə beynimiz əslində həmin mahnını nəzarətdə saxlamağa çalışır və nəticədə melodiyanı yenidən aktivləşdirir.







