XeberPlus

Ən son xəbərlər

Manşet

Azərbaycan-Özbəkistan əlaqələri yeni mərhələyə yüksəlir: Bakı-Daşkənd xəttində mühüm addım

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yeni dinamika qazanaraq daha da möhkəmlənir. Qarşılıqlı səfərlər, yüksək səviyyəli siyasi dialoq və müxtəlif sahələrdə həyata keçirilən birgə layihələr iki ölkə arasında əməkdaşlığın miqyasını genişləndirir. Bu gün Azərbaycan-Özbəkistan əlaqələri yalnız dostluq münasibətləri ilə deyil, həm də regional inkişafa əsaslanan güclü tərəfdaşlıqla seçilir.

Bəs, Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı inkişafını və gələcək perspektivlərini necə qiymətləndirmək olar?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov XeberPlus.com-a açıqlamasında bildirib ki, iki ölkə arasında davam edən irəlləyiş münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır:

“Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı mühüm prioritetlərdən biridir. Bu kontekstdə Özbəkistanla əlaqələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanı dövlətlərarası maraqlarla yanaşı, ortaq tarix, dil, mədəniyyət, adət-ənənələr və mənəvi dəyərlər də birləşdirir. Məhz bu möhkəm təməl üzərində formalaşan münasibətlər son illərdə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Son beş ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi münasibətlərin siyasi dinamikasını aydın nümayiş etdirir. Bu səfərlər çərçivəsində strateji tərəfdaşlığın dərinləşdirilməsi, Ali Dövlətlərarası Şuranın yaradılması və müttəfiqlik münasibətlərinin təsbit olunması ilə bağlı mühüm sənədlərin imzalanması iki ölkənin münasibətlərinin institusional əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə strateji məsələlərin ən yüksək siyasi səviyyədə müzakirəsi üçün mühüm mexanizmə çevrilib. Hazırki səfər bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır.”

Ekspert Əbədi dostluq haqqında müqavilənin ölkəmiz üçün əlverişli xüsusiyyətlərindən danışıb:

“Səfər zamanı ikitərəfli görüşlə yanaşı, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma oldu. Əbədi dostluq haqqında Müqavilənin imzalanması isə iki ölkə arasındakı münasibətlərin siyasi mahiyyətini daha da gücləndirən mühüm addım kimi qiymətləndirilə bilər. Bu müqavilə qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərini münasibətlərin əsas dayaqları kimi müəyyənləşdirir. Eyni zamanda tərəflər bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət etmək, öz ərazilərindən digər tərəfə qarşı təhlükə yaradılmasına imkan verməmək öhdəliyi götürürlər”.

Rəşad Bayramov diqqətə çatdırıb ki, müqavilə iki ölkə arasındakı siyasi yaxınlığı daha konkret və uzunmüddətli müstəviyə keçirir:

“Müqavilənin əsas fərqi ondan ibarətdir ki, mövcud siyasi yaxınlığı daha konkret və uzunmüddətli çərçivəyə salır. Başqa sözlə, sənəd münasibətlərin yalnız siyasi liderlərin şəxsi münasibətləri üzərində deyil, dövlətlərarası hüquqi öhdəliklər və institusional mexanizmlər üzərində davam etdirilməsinə zəmin yaradır. Bu, xüsusilə regional təhlükəsizlik və qarşılıqlı siyasi dəstək baxımından əhəmiyyətlidir”.

Siyasətçi vurğulayıb ki, Bakı-Daşkənd tərəfdaşlığı əlaqələrin yeni mərhələyə keçməsinə əhəmiyyətli töhfə verir:

“Onu da qeyd edim ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Ölkələr BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda bir-birini dəstəkləyir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu qoşulması isə Bakı-Daşkənd münasibətlərinin regional ölçüsünü daha da artırıb. Bununla Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlığın C6 formatında yeni mərhələyə keçməsi üçün imkanlar yaranıb. Beləliklə, hazırki səfər Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi və regional miqyasda daha da möhkəmləndirilməsinə xidmət edən strateji hadisə kimi dəyərləndirilə bilər”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *