Hadisə günorta saatlarında Antalya Hava Limanının 2-ci terminalının avtomobil dayanacağında baş verib.
Təqaüdçü polis əməkdaşı Hüseyn Durmaz bir müddətdir birlikdə olduğu Gürcüstan əsilli sevgilisi Elina Şengünü təhdid etməyə başlayıb. Ötən gün Şengünün evinə gedən, lakin onu tapa bilməyən Durmaz, satış məsləhətçisi kimi çalışan qadını görmək üçün dünən hava limanına gedib.
Durmaz avtomobilindən xidməti tapançasını götürərək 2-ci terminalın dayanacağında Şengünə atəş açıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadası göndərilib. Qadına ilkin tibbi yardım göstərən həkimlər Şengünü xəstəxanaya çatdırıblar. İki uşaq anası Elina Şengün həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Saxlanılan H.Durmaz istintaq tədbirlərinin aparılması üçün polis idarəsinə aparılıb. O, tibbi müayinədən keçirildikdən sonra məhkəməyə göndərilib.

Mənbə: Demirören Haber Ajansı







