Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, burada paylaşdığımız hər bir məlumatın təhlükəsizliyi diqqət tələb edir. Ad, telefon nömrəsi, ünvan, fotoşəkillər, şəxsi yazışmalar və hətta gündəlik fəaliyyətlə bağlı məlumatlar düzgün qorunmadıqda müxtəlif risklər yarada bilər. Bəzən istifadəçilərin fərqinə varmadan paylaşdığı kiçik bir detal belə onların şəxsi həyatına müdaxilə və məlumatlardan sui-istifadə üçün imkan yaradır. Buna görə sosial şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların qorunması üçün hansı təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.
Bəs, Sosial şəbəkələrdə şəxsi məlumatların qorunması məqsədilə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı İnformasiya texnologiyaları üzrə mütəxəssis Kamran Əsədullayev XeberPlus.com-a açıqlamasında bildirib ki, Sosial Mediada məlumatların qorunması üçün bəzi önəmli faktorları yerinə yetirmək vacibdir:
“Sosial şəbəkələrdə şəxsi məlumatların qorunması üçün əsas məsələ nəyi paylaşdığımızı və həmin məlumatlara kimin çıxışının olduğunu nəzarətdə saxlamaqdır. Bunun üçün müxtəlif üsullar mövcuddur, məsələn hesabı məxvi rejimə keçirmək, beləcə paylaşımlar tanıdığımız şəxslərə açıq olacaq, Tətbiq icazələrini yoxlamaq, burada isə Sosial şəbəkəyə qoşulmuş üçüncü tərəf tətbiqlərin hansı məlumatlara çıxışı olduğunu vaxtaşırı yoxlamaq və lazım olmayan icazələri ləğv etmək mümkündür, Hesaba giriş bildirişlərini aktivləşdirməkdə vacibdir, beləcə naməlum cihazdan giriş olduqda dərhal xəbərdar olmaq mümkündür və s. Həmçinin tanımadığımız şəxslərdən gələn sorğulara, Geolokasiyalara, Həsas məlumatların paylaşılmasına və ikimərhələli doğrulamaya da diqqət yetirmək zəruridir”.
Ekspert qeyd edib ki, internet resurslarında yerləşdirilən məlumatlara diqqətlə yanaşmaq və gələcək problemlərə qarşı mühafizə olunmaq əsas məsələlərdən biridir:
“Ən vacib qayda isə budur, internetə yerləşdirilən məlumatın sonradan tamamilə silinəcəyinə zəmanət yoxdur. Buna görə paylaşmadan əvvəl “Bu məlumatın gələcəkdə başqa insanların əlinə keçməsi mənim üçün problem yaradarmı?”sualını vermək yaxşı təhlükəsizlik vərdişidir”.








