XeberPlus

Ən son xəbərlər

Sosial

Eyni potensial, fərqli imkanlar: Sosial bərabərsizlik

İnsanın gələcək imkanları yalnız onun şəxsi bacarıq və səylərindən deyil, böyüdüyü sosial və iqtisadi mühitdən də asılıdır. Təhsil, maddi imkanlar, keyfiyyətli səhiyyə, işə çıxış və sosial əlaqələrdəki fərqlər insanların qarşısında eyni başlanğıc imkanlarının yaranmasına mane ola bilər. Sosial bərabərsizlik dərinləşdikcə bəzi insanlar öz potensialını reallaşdırmaq üçün daha çox imkan əldə edir, digərləri isə mövcud maneələr səbəbindən geridə qalır. Bu fərqlər zamanla insanın təhsil seçimindən karyerasına və həyat səviyyəsinə qədər bir çox sahədə özünü göstərə bilər.

Bəs, sosial bərabərsizlik insanlarin gələcək imkanlarına nəcə təsir edir?

Mövzu ilə bağlı Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova XeberPlus.com-a açıqlamasında bildirib ki, sosial bərabərsizlik bir çox sahələrdə özünü göstərsədə, elm yolu daha ciddi fərq kimi özünü göstərir:

“Cəmiyyətdə insanların eyni hüquqlara malik olması onların həyatda eyni imkanlara sahib olması demək deyil. İnsanların gələcək taleyinə ailənin maddi vəziyyəti, təhsil imkanları, yaşadığı mühit, sosial əlaqələri və əmək bazarına çıxışı ciddi təsir göstərir. Bu baxımdan sosial bərabərsizlik yalnız bugünkü həyat şəraitində fərqlər yaratmır, həm də insanların gələcək imkanlarını müəyyənləşdirən mühüm amilə çevrilir. Sosial bərabərsizliyin ən çox hiss olunduğu sahələrdən biri təhsildir. Maddi imkanları yaxşı olan ailələr övladlarına əlavə hazırlıq, xarici dil, müxtəlif kurslar, müasir texnologiyalar və digər inkişaf imkanları təqdim edə bilirlər. İmkanları məhdud ailələrin uşaqları isə eyni potensiala malik olsalar belə, bu resurslardan kifayət qədər yararlana bilmirlər. Nəticədə uşaqlar arasında fərq təkcə maddi vəziyyətdə deyil, onların gələcək karyera və həyat seçimlərində də özünü göstərir”.

Ekspert qeyd edib ki, daha perspektiv gələcək qurmağı hədəfləyən insanlar arasında da bərabərsizlik nəzərəçarpacaq qədərdir:

“Digər mühüm məsələ əmək bazarına çıxışdır. Müasir dövrdə yaxşı təhsil və peşə bacarıqları ilə yanaşı, sosial əlaqələr və informasiya imkanları da böyük əhəmiyyət daşıyır. Daha geniş sosial çevrəyə malik insanların iş və karyera imkanları barədə məlumat əldə etmək, yeni əlaqələr qurmaq və daha yaxşı vakansiyalara çıxış imkanları nisbətən yüksək ola bilər. Bu isə sosial bərabərsizliyin əmək bazarında da özünü davam etdirməsinə səbəb olur”.

O qeyd edib ki, sağlamlıq önəmli məsələ olsada maddi gəlir problemi insanlar arasında fərqi ortaya qoyan əsas elementlərdən birinə çevrilir:

“Sosial bərabərsizlik sağlamlıq və həyat keyfiyyətinə də təsir göstərir. Gəliri yüksək olan insanların keyfiyyətli tibbi xidmətlərdən, sağlam qidalanmadan, daha yaxşı yaşayış şəraitindən və asudə vaxt imkanlarından istifadə etmək imkanları daha genişdir. Maddi imkanları məhdud insanlar isə bəzən əsas ehtiyaclarını belə qarşılamaqda çətinlik çəkirlər. Bu fərqlər uzun müddətdə insanların həm fiziki, həm də sosial rifahına təsir göstərə bilər”.

N.İsmayılova həmçinin situasiyaya psixoloji aspektdən yanaşıb:

“Məsələnin psixoloji tərəfi də diqqətdən kənarda qalmamalıdır. İnsan öz yaşıdları ilə müqayisədə imkanlarının məhdud olduğunu gördükdə özünəinamını itirə, gələcəklə bağlı ümidsizliyə qapıla bilər. Xüsusilə gənclər arasında bu vəziyyət onların təhsil, peşə və şəxsi inkişafla bağlı qərarlarına təsir göstərə bilər. Ən təhlükəli məqam isə sosial bərabərsizliyin nəsildən-nəslə ötürülməsidir. Valideynlərin sosial və iqtisadi vəziyyəti uşaqların təhsilinə, sağlamlığına, yaşayış şəraitinə və gələcək karyerasına təsir etdikdə mövcud fərqlər yeni nəsildə də təkrarlanır. Beləliklə, yoxsulluq və imkan çatışmazlığı yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin uzunmüddətli probleminə çevrilir”.

Həmsöhbətimiz sosial bərabərsizlik məsələsinin ortadan qaldırılması ilə bağlı fikirlərini bildirib:

“Sosial bərabərsizliyin azaldılması üçün ilk növbədə insanlara bərabər başlanğıc imkanları yaradılmalıdır. Keyfiyyətli və əlçatan təhsil, sosial müdafiə mexanizmləri, layiqli məşğulluq imkanları, peşə hazırlığı proqramları, regionlarda infrastrukturun inkişafı və aztəminatlı ailələrə dəstək bu istiqamətdə mühüm addımlardır. Burada məqsəd insanların nəticələrinin tamamilə eyni olması deyil. Əsas məqsəd hər bir insanın öz bacarığını və potensialını reallaşdırması üçün ədalətli imkan əldə etməsidir. Çünki insanın gələcəyini onun harada və hansı ailədə doğulması deyil, mümkün qədər öz bacarığı, əməyi və seçimi müəyyən etməlidir”.

Mütəxəssis vurğulayıb ki, sosial bərabərsiziyin aradan qaldırılması əlverişli inkişafın başlanğıcıdır:

“Sosial bərabərlik yalnız sosial ədalət məsələsi deyil, həm də cəmiyyətin inkişaf məsələsidir. İstedadlı uşaqların və gənclərin sosial vəziyyətindən asılı olmayaraq öz potensiallarını reallaşdıra bilməsi ölkənin insan kapitalını gücləndirir, iqtisadi inkişafı sürətləndirir və cəmiyyətdə sosial həmrəyliyi artırır. Sosial bərabərsizliyin azaldılması gələcəyə qoyulan sərmayədir. Çünki bu gün daha ədalətli imkanlar yaratmaqla sabah daha güclü, savadlı, fəal və sosial baxımdan dayanıqlı cəmiyyət qurmaq mümkündür”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *