ABŞ-da Salmonella şübhəsi səbəbilə geri çağırılan təxminən 19 milyon yumurta ilə bağlı Qida və Dərman Administrasiyası (FDA) mühüm qərar qəbul edib.
Geri çağırılma səviyyəsi ciddi sağlamlıq problemləri və hətta ölüm riski yarada biləcək məhsullar üçün tətbiq edilən ən yüksək kateqoriyaya yüksəldilib.
Məlumata görə, şübhəli yumurtalardan istifadə edən təxminən 100 nəfər xəstələnib, onlardan 26-sı xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər bildiriblər ki, mümkün Salmonella yoluxması xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün daha təhlükəli ola bilər. Bakteriya qarın ağrısı, ishal, qusma və yüksək hərarət kimi əlamətlərə səbəb ola bilər.
İstehlakçılara evlərində olan yumurtaların qablaşdırma məlumatlarını yoxlamaq, geri çağırılan məhsullardan istifadə etməmək və onları satış məntəqələrinə qaytarmaq tövsiyə olunub.
Hadisə ABŞ-da qida təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Mənbə:ntv








