Cənubi Koreyada istifadə edilən Samsung Galaxy S25+ modeli şarj zamanı qəfil tüstülənərək yanıb. Hadisə ailədə böyük panikaya səbəb olsa da, xəsarət alan olmayıb.
Məlumata görə, telefon gecə yatmazdan əvvəl şarja qoşulub. Bir müddət sonra cihazdan yüksək səs gəlib və tüstü çıxmağa başlayıb. Telefon sahibi vəziyyətə müdaxilə edərək yanğını söndürə bilib.
Samsung cihazı araşdırdıqdan sonra bildirib ki, batareyada əvvəlki zərbə nəticəsində deşik yaranıb və şarj zamanı bu problem qızmağa səbəb olaraq yanğınla nəticələnib. Şirkət hadisənin istehsal qüsuru deyil, fiziki zədədən qaynaqlandığını açıqlayıb.
Lakin telefon sahibi bu açıqlama ilə razılaşmayıb. Onun fikrincə, arxa qapaqdakı çatlar yanğından sonra yaranmış ola bilər və hadisənin dəqiq səbəbinin daha ətraflı araşdırılmasını istəyir.
Mütəxəssislər bildirirlər ki, litium-ion batareyalı cihazlarda belə hallar çox nadir olsa da, telefonun zədələnmiş halda istifadəsi, keyfiyyətsiz şarj cihazlarından istifadə və həddindən artıq istilənmə risk yarada bilər.
Samsung Galaxy S25+ ilə bağlı bu hadisə telefon təhlükəsizliyi və batareya keyfiyyəti mövzusunda yenidən müzakirələrə səbəb olub
Mənbə: webtekno








