Ali təhsildə tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməsi əmək bazarına keçid zamanı müəyyən çətinliklər yarada bilər. Müasir dövrdə universitet təhsili nəzəri hazırlıqla yanaşı, praktik bacarıqların formalaşmasına da şərait yaratmalıdır. Tələbənin öyrəndiyi bilikləri real iş mühitində tətbiq etməsi həm peşəkar inkişafı, həm də gələcək karyerasına hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs, Ali təhsil müəssisələrində nəzəri biliklə praktika necə balanslaşdırılmalıdır?
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli XəbərPlus.com-a açıqlama verib.
O bildirib ki,Ali təhsil tələbələrə yalnız bilik verməklə kifayətlənməməli, onları real peşə fəaliyyətinə də hazırlamalıdır:
“Ali təhsil müəssisələrində nəzəri biliklə praktika bir-birindən ayrılmamalıdır. Tələbə yalnız auditoriyada öyrəndiyi məlumatla kifayətlənməməli, həmin biliklərin real iş mühitində necə tətbiq olunduğunu da görməlidir. Bunun üçün xüsusilə əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarının, laboratoriya və layihə əsaslı dərslərin, real iş situasiyalarına əsaslanan tapşırıqların payı artırılmalıdır”.
Mütəxəssis vurğulayıb ki, tələbə təhsil aldığı fakültədən asılı olmayaraq praktiki biliklə təmin edilməlidir:
“Hesab edirəm ki, universitetin əsas məqsədi sadəcə diplom vermək deyil, məzunu əmək bazarına hazır vəziyyətdə formalaşdırmaqdır. Məsələn, mühəndislik, tibb, IT, pedaqogika və digər praktiki istiqamətlərdə tələbə nəzəriyyəni öyrəndiyi mərhələdən etibarən onu praktik mühitdə sınaqdan keçirməlidir”.
Həmsöhbətimizin fikirincə, praktiki biliyə önəm verilsədə nəzəri hissədə unudulmamalıdır:
“Burada bir məqam da vacibdir, praktikanı artırmaq nəzəriyyəni zəiflətmək demək deyil. Güclü nəzəri baza və düzgün təşkil olunmuş praktika paralel getməlidir. Universitet və işəgötürən əməkdaşlığı gücləndirilsə, tələbə məzun olduqdan sonra “təcrübəm yoxdur” problemi ilə üz-üzə qalmaz”.







