Yaponiyanın paytaxtı Tokioda istirahət edən türkiyəli cütlük qaldıqları otel otağında gizli kamera aşkarlayıb. Televizorun altında yerləşdirilən kiçik cihazın içərisindən yaddaş kartı çıxıb.
XeberPlus.com xəbər verir ki, hadisə Sedef. D adlı qadın və onun həyat yoldaşının qaldığı oteldə baş verib.
Cütlük otağı yoxlayarkən televizorun altında kiçik obyektivə bənzəyən detal görüb. Əvvəlcə bunun televizorun bir hissəsi olduğunu düşünüblər. Lakin cihazı yaxından araşdırdıqda içərisində yaddaş kartının olduğunu müəyyən ediblər.
Hadisə barədə məlumat alan otel rəhbərliyi cihazın gizli kamera olduğunu təsdiqləyərək qonaqlardan üzr istəyib. Kameranın otaqda daha əvvəl qalan müştərilərdən biri tərəfindən yerləşdirilmiş ola biləcəyi bildirilib.
Şikayət əsasında hadisə yerinə gələn polis əməkdaşları yaddaş kartını yoxlayıblar. Araşdırma zamanı kartda heç bir görüntü aşkar edilməyib. Otaqda aparılan əlavə yoxlamalar da başqa gizli kameranın olmadığını göstərib.
Bununla belə, cihazın kim tərəfindən və nə vaxt yerləşdirildiyi müəyyən olunmayıb. Kameranın əvvəllər görüntü qeydə alıb-almadığı da məlum deyil.
Hadisədən sonra otel rəhbərliyi cütlüyə bir gecə pulsuz qalmağı təklif edib. Lakin özlərini təhlükəsiz hiss etməyən qonaqlar təklifi qəbul etməyərək ertəsi gün oteli tərk ediblər.










