İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edərək Vaşinqtonu Hörmüz boğazı ilə bağlı “yanlış hesablamalar” aparmamağa çağırıb.
Əraqçi “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-ın kəşfiyyat məlumatlarında yol verilən səhvlər səbəbindən uzun müddətdir yanlış qərarlar verdiyini bildirib. İranlı nazir bunun əvvəlki nümunəsi kimi İrana qarşı müharibəni göstərib və indi Hörmüz boğazı məsələsində daha böyük səhvə yol verilməməsi barədə xəbərdarlıq edib.
Əraqçi açıqlamasında “Saxta xəbərlərdən daha pisi saxta kəşfiyyatdır. Diqqətli olun” mesajını verib. O, həmçinin Trampın əvvəlki açıqlamasındakı dini ifadələrə münasibət bildirərək İranın Allaha güvəndiyini qeyd edib.
Donald Tramp isə bir gün əvvəl sosial mediada ABŞ-ın Hörmüz boğazı üzərində tam nəzarətə malik olduğunu və nəzarəti davam etdirmək niyyətində olduğunu iddia etmişdi. Həmçinin Tramp İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini də bildirib.
Mənbə: Bloomberg HT







