“Azərbaycan radiosu bir xalqın və dövlətin tarixidir”.
XəbərPlus.com xəbər verir ki, bunu Azərbaycan radiosunun 100 illik yubileyi münasibətilə keçirilən respublika elmi-praktiki konfransda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.
O bildirib ki, radionun yaranma tarixinə yalnız bir media vasitəsinin tarixi kimi baxmaq olmaz. Bu, bütöv bir xalqın və dövlətin tarixidir, milli xəzinəsidir. Azərbaycan radiosunun yaranması hər bir azərbaycanlının bayramıdır.
R. Məmmədovun sözlərinə görə, Azərbaycan radiosunun 100 illik tarixinin arxasında böyük zəhmət, fədakarlıq və əmək dayanır. O, radionun fəaliyyətini tarixin müxtəlif dövrlərində mühüm missiya daşıması ilə əlaqələndirib.
Sədr qeyd edib ki, Azərbaycanın milli ideyasının formalaşmasında radionun danılmaz rolu olub. 1937-ci il repressiyaları dövründə də radio mühüm informasiya vasitələrindən biri kimi fəaliyyət göstərib. Bu gün də yayımlanan “Bulaq” verilişi milli-mənəvi dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Azərbaycanın ağır tarixi dönəmlərində xalqın diqqəti radioya yönəlib. Ölkənin üzləşdiyi çətinliklər, torpaqların işğalı, 26 fevral Xocalı soyqırımı, atəşkəsin imzalanması və sülh danışıqları ilə bağlı proseslər radio vasitəsilə ictimaiyyətə çatdırılıb.
Rövşən Məmmədov əlavə edib ki, Azərbaycan radiosu Vətən müharibəsi dövründə də qazanılan Qələbənin xalqa çatdırılmasında mühüm rol oynayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin informasiya təminatında radio öz missiyasını şərəf və vicdanla yerinə yetirib.
Sədr bildirib ki, Azərbaycanın suverenliyinin bütün ərazisində bərqərar olmasından sonra da radio dövlətin mesajlarını xalqa və dünyaya çatdırmaqda davam edir.
O, müasir dövrdə informasiya müharibəsinin əhəmiyyətinin artdığını vurğulayaraq, Azərbaycan radiosunun bu istiqamətdəki xidmətlərinin də əvəzsiz olduğunu bildirib.
Fatimə Məmmədova








