Alimlərin araşdırmalarına görə, gündəlik həyatda ən çox toxunduğumuz əşyalardan biri olan mobil telefonlar çoxlu sayda bakteriya daşıya bilər. Mütəxəssislər telefonların mütəmadi təmizlənməməsinin sağlamlıq üçün risk yaratdığını bildirirlər.
XeberPlus.com xəbər verir ki, “Popular Science” nəşrinin məlumatına əsasən, mobil telefonlar insanların gün ərzində ən çox təmasda olduğu və kifayət qədər təmizləmədiyi əşyalar sırasındadır.
Əczaçılıq sektoruna xidmət göstərən “Gillson Sciences” şirkətinin rəhbəri Keytlin Manqan bildirib ki, insanların hər gün toxunduğu ən çirkli əşyalardan biri məhz öz telefonlarıdır. Onun sözlərinə görə, telefonlar tualet də daxil olmaqla müxtəlif yerlərə aparılır və gün ərzində dəfələrlə istifadə edilsə də, nadir hallarda təmizlənir.
Mütəxəssislər bunun əsas səbəbini telefonlarla davamlı təmasda olmaqla əlaqələndirirlər. Araşdırmalara görə, insanlar gün ərzində orta hesabla 47 dəfə telefonlarını yoxlayırlar.
Bildirilir ki, mobil telefonların səthində müxtəlif bakteriyalar, o cümlədən bağırsaq mənşəli mikroorqanizmlər toplana bilər. Onların bir hissəsi müəyyən şəraitdə dəri infeksiyalarına və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Mütəxəssislər bakteriyaların yayılma riskini azaltmaq üçün telefonların mütəmadi təmizlənməsini, əllərin yuyulmasını və cihazlardan istifadə zamanı gigiyena qaydalarına əməl olunmasını tövsiyə edirlər.








