Somalidə təyyarədən enən təhlükəsizlik əməkdaşı fırlanmaqda olan pərin ona dəyməsi nəticəsində həyatını itirib.
XeberPlus.com xəbər verir ki, həyatını itirən şəxs Banadir bölgəsinin polis rəisi Maalin Mahdinin mühafizəçisi Muxtar Qasım olub.
Məlumata görə, polis rəisi və onu müşayiət edən təhlükəsizlik əməkdaşlarını daşıyan təyyarə hava limanına eniş edib. Sərnişinlərin təyyarədən düşməsi zamanı mühafizəçi Muxtar Qasım da hava gəmisini tərk edib.
Lakin təyyarənin mühərriki hələ dayanmayıb və pər fırlanmağa davam edib. Təyyarədən uzaqlaşmağa çalışan mühafizəçi pərin olduğu istiqamətə hərəkət edib. Pərin baş və boyun nahiyəsinə dəyməsi nəticəsində o hadisə yerindəcə həyatını itirib.
Faciə hava limanındakı kamera vasitəsilə qeydə alınıb. Görüntülərdə mühafizəçinin təyyarədən endikdən sonra fırlanan pərə yaxınlaşdığı əks olunub.
Bildirilib ki, polis rəisi Maalin Mahdi Galmudug bölgəsinin yeni rəhbərinin vəzifəyə başlama mərasimində iştirak etmək üçün şəhərə gəlibmiş. Həyatını itirən Muxtar Qasım da onu müşayiət edən təhlükəsizlik qrupunun üzvü olub.








